Yeni alman ixtirası – Dronlara qarşı
Almaniya hərbi sənayesi yeni silah yaradıb
Almaniyanın "Saksoniya" freqatında lazer silahlarının sınaqları pilotsuz təyyarələrə qarşı uğurlu mübarizəni sübut edib və Almaniya Hərbi Dəniz Qüvvələri üçün lazer silahı sisteminin mümkün inkişafının əsasını qoyub.
Almaniya Silahlı Qüvvələri (Bundesver) pilotsuz uçuş aparatları və raketlərdən qorunmaq üçün lazer silahlarının ilk sınaqlarını keçirib. Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və Dəstək üzrə Federal İdarəsi (BAAINB) açıqlayıb ki, “Saksoniya” freqatında aparılan sınaqlar, hərəkət edən hədəflərin "döyüş şəraitində uğurla idarə oluna biləcəyini" sübut edib. Sınaqlar ölkənin hərbi dəniz qüvvələri üçün operativ lazer silahı sisteminin mümkün inkişafının əsasını qoyub.
Avadanlıq konteynerdə quraşdırılıb və tərkibinə hədəfin aşkarlanması və məlumatların işlənməsi sistemləri, həmçinin lazer daxildir. İdarədən bildirilib ki, öz imkanlarına görə gələcək sistem xüsusilə kiçik və hərəkət edən hədəflərlə işləmək üçün əlverişlidir. Bundan əlavə, minaatan mərmilərdən və idarə olunan raketlərdən qorunmaq mümkündür.
Layihə üzərində işlərə Avropanın müdafiə şirkəti MBDA və Almaniyanın “Rheinmetall” mühəndis konserni cəlb olunub. Onların sözlərinə görə, avqustun sonunda Bundesverin Şlezviq-Holşteyn poliqonu yaxınlığında dənizdə keçirilən sınaqlarda sistem yaxın məsafədən pilotsuz uçuş aparatlarına qarşı mübarizədə özünü uğurla sübut edib. Növbəti sınaqlar 2023-cü ilin ortalarına qədər aparılacaq.
DPA agentliyi qeyd edir ki, son illərdə Bundesverin pilotsuz təyyarələrdən müdafiəyə hazır olmadığı göstərilib. Alman federal hökuməti, ordunun xəbərdarlıqlarına və digər ölkələrin əldə etdiyi irəliləyişlərə baxmayaraq, illərdir bu məsələyə əhəmiyyət vermirdi.
(DW)