“Rus ordusunu ləkələməkdə” günahlandırılan jurnalist damarlarını doğrayıb

“Rus ordusunu ləkələməkdə” günahlandırılan jurnalist damarlarını doğrayıb

Səbəb - təcridxanadakı işgəncə şəraitində onun psixi vəziyyətinin pisləşməsidir

Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham olunan (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi) “RusNews” portalının jurnalisti Mariya Ponomarenko istintaq təcridxanasında damarlarını kəsməyə cəhd edib. Səbəb - təcridxanadakı “işgəncə” şəraitində onun psixi vəziyyətinin pisləşməsidir.

Bu barədə Altay vilayət məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı keçirilən iclasda onun özü bildirib. Əvvəllər xanım Ponomarenkoya isterik şəxsiyyət pozğunluğu və klostrofobiya diaqnozu qoyulmuşdu. Onun sözlərinə görə, istintaq təcridxanasında belə xəstəliklər üçün lazım olan tibbi yardım göstərilməyib.

“Şüşələri qaranlıq plyonka ilə bağlanmış pəncərə arxasında saxlanma şəraitini işgəncə hesab edirəm. Mən cəmiyyət üçün heç bir təhlükə yaratmıram. İsteriya və depressiya vəziyyətində zərər verə biləcəyim yeganə insan özüməm”, - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, əvvəllər kameranın möhürlənmiş pəncərəsini sındırıb, çünki gün işığı olmadan vəziyyəti pisləşir. Bundan sonra Mariya Ponomarenko yeddi sutkalıq cəzaçəkmə kamerasına (kartserə) köçürülüb.

Prosesdə jurnalistin barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar dəyişdirilməyib.

Mariya Ponomarenkonun müəlliflərindən biri olduğu, 1,6 min nəfərlik auditoriyaya malik “Telegram” kanalında Mariupoldakı dram teatrının atəşə tutulması ilə bağlı yazı dərc edilmişdi. Moskva və Kiyev bu binanın dağılmasına görə bir-birini günahlandırıb.

Mariyaya qarşı iş Rusiya ordusu ilə bağlı feyk məqalələr ittihamına görə ilə açılıb. O, aprelin sonunda həbs edilib, həbs müddəti bir neçə dəfə uzadılıb. Hazırda jurnalist sentyabrın 29-dək həbsdədir.

(Kommersant)