İran etirazları dünyada: “Qadınlar, Həyat və Azadlıq”
İranın şəhərlərində davam edən mitinq və nümayişlərə xaricdən də dəstək ifadə olunur
İranda 22 yaşlı kürd qız Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarında indiyədək onlarla insan həlak olub. O, islam qaydasınca hicab geyinmədiyi iddiası ilə əxlaq polisi tərəfindən həbs edildikdən sonra dünyasını dəyişib.
Molla rejiminin sərt qanunlarına və onlara riayət olunmasına nəzarət edən əxlaq polisin özbaşınalığına qarşı İranın şəhərlərində mitinq və nümayişlər davam edir.
Bütün dünyada İranda etirazçılarla həmrəylik aksiyaları keçirilir. Ön planda xaricdə yaşayan və daxildə baş verənlərdən qəzəblənən iranlılar dayanır. Bazar günü Parisdə minlərlə insan iranlı qadınların hüquqlarına dəstək nümayişi keçirib.
İranda etirazçılarla həmrəylik nümayişi Nyu-Yorkda da keçirilib. Daha sonra onun üzvləri 14-cü küçədən Manhettendə Vaşinqton Meydan Parkına qədər yürüş ediblər.
Beyrutda nümayişçilər Milli Muzeyin qarşısına toplaşıblar. Livanlı qadınlar kürd, ərəb və fars dillərində yazılan Məhsa Əminin ölümündən sonra yaranan etiraz hərəkatının "Qadınlar, Həyat və Azadlıq" şüarı olan böyük pankart açıblar.
(Euronews)