Avropa küçələrində rus-ukraynalı savaşı: “Səni tapıb zorlayacağıq!”

Avropa küçələrində rus-ukraynalı savaşı:

Gərginlik psixoloji baryerləri aşır, hər həftə 200-ə yaxın nifrət cinayəti qeydə alınır

Berlinin əsas küçəsində - Unter den Linden cökə xiyabanında təsadüfi yoldan keçən üçün bu nümayişçilərin qəzəbinin səbəbi aydındır. Yavaş-yavaş məşhur Brandenburq darvazasına yaxınlaşan milli sarı-mavi rənglərdə geyinmiş ukraynalı qadınlar “Qaz embarqosu – dərhal!” və "Rusiya terrorçu ölkədir!" şüarları səsləndirirlər.

Bu, Ukraynanın müstəqilliyinin 31-ci ildönümü şərəfinə keçirilən yürüşdür və etirazçılar almanlara xatırlatmaq istəyirlər ki, Ukrayna hələ də ədalətsiz müharibənin meydanıdır və qazın yüksək qiymətləri minlərlə ukraynalı mülki şəxsin həyatı ilə müqayisədə ödənilməli olan kiçik qiymətdir.

Amma burada bəziləri üçün bu, həm də başqa bir narazılığın ifadəsidir: vətənlərində davam edən müharibə fonunda Almaniyada mühacirət həyatının çətinlikləri. Ukraynalı fəallar deyirlər ki, bu ilin fevralında Rusiyanın onların vətənlərini işğal etməsindən sonra ukraynalı tərəfdarlara qarşı təzyiqlər və onlara qarşı pis rəftar halları artıb.

"Məni öldürmək istəyirlər"

Hazırda Berlində yaşayan Veronika digər ukraynalı fəalları meqafonla səsləyir. Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından bəri o, qolunda Ukrayna rəngi olan qolbaqla gördündükdən sonra metroda və küçədə, mərkəzi Aleksanderplatz ərazisində zorakılıq hərəkətlərinə görə üç dəfə polisə şikayət verib.

O, müharibə başlayandan bəri üzləşdiyi rusları nəzərdə tutaraq, "Bizi təxribata çəkirlər" deyir: "Bu insanlar aqressivdirlər. Amma biz münaqişələr istəmirik, onsuz da evimizdə bunlar kifayət qədərdir".

Günəbaxan çələngi taxan, 20 yaşlı Valeriya Almaniyadakı həyatına çətinliklə dözür. Bura müharibə başlayanda gəlib. Amma o, tezliklə evə qayıtmaq istəyir: "Burada çoxlu rus var və onlar çox aqressivdirlər. Onlar artıq mənə deyiblər ki, məni və xalqımı öldürmək istəyirlər".

Anastasiya Lavrova may ayında bir neçə günlük Berlinə gəlib və metroda hücumun qurbanı olduğunu bildirir. Yanındakı kişi yerindən sıçrayıb, qollarını kəskin surətdə yelləyib və aqressiv şəkildə ona baxıb, sonra rusca ucadan onu söyüb: "Birinci saniyədə şoka düşdüm və nə baş verdiyini başa düşə bilmədim, lakin bir neçə saniyədən sonra ağlıma gəldi ki, çantamın sağ tərəfində sarı və mavi lent və Ukrayna simvolları olan kiçik bir nişan var".

Rus dilində danışanlara qarşı da təhdidlər səslənir

Amma Almaniyada təkcə ukraynalılar zorakılığa məruz qalmır: Berlinin rusdilli sakinləri də özlərini təhlükəsiz hiss etmirlər.

Məşhur Friedrichshain məhəlləsindəki rus restoranı “Daça”-nın işçiləri dəfələrlə telefonla, o cümlədən silah işlətməklə onların “dərsinin veriləcəyinə” dair işarə ilə təhdid edilib. Cavab olaraq restoran çöldə “Bizim cəmiyyətdə müharibəyə yer yoxdur!” yazısı asıb və ukraynalı qaçqınlar üçün geyim üçün ianə toplayıb.

“Human Rights Watch” (HRW) təşkilatının məlumatına görə, Berlində alman-rus məktəbi yandırılıb və sovet abidələrinə ziyan dəyib. Federal Kriminal Polis İdarəsi (Bundeskriminalamt) aprelin ortalarında bu və ya digər şəkildə Ukraynadakı müharibə ilə əlaqəli 1700-dən çox cinayət, o cümlədən ruslara, ukraynalılara və ya belaruslara qarşı insidentlər qeydə alındığını bildirib.

HRW-nin məlumatına görə, hər həftə 200-ə yaxın nifrət cinayəti qeydə alınır. HRW-nin tədqiqatçısı Eva Kosse yazır: “Son bir neçə həftə ərzində bir çox rusiyalı ilə müharibə başlayandan bəri hissləri barədə danışdıq”.

17 ildir Almaniyada yaşayan, 40 yaşlı rusiyalı qadın deyir ki, aprelin sonlarında qızı və Ukraynadan olan əmisi oğlu ilə Berlin parkında gəzən zaman onu zorlamaqla hədələyiblər, daha sonra qaça bilib, lakin o, şok vəziyyətində olduğunu deyir: “İctimaiyyət qarşısında mən indi rusca danışanda daha sakit danışıram. Uşaq meydançasında isə qızımla oynayanlara və ya onun yanında olanlara fikir verirəm”.

Rusiya-Almaniya birlikləri də Ukraynaya yardım təklif edib. Rusdilli Almanların Mərkəzi Hamburq Klubu kimi qruplar bütün zorakılıq hadisələrini pisləyıb və bir çox Volqa almanlarının düşərgələrdən keçdiyi və İkinci Dünya müharibəsi zamanı alman sədaqətinə şübhə ilə deportasiya edildiyi Sovet İttifaqında özlərinin diskriminasiya tarixini xatırladıb.

“Topladığımız təcrübə, ümumi tariximiz baxımından bu gün həmrəyliyimiz Ukraynada yaşayan hər kəsə, eləcə də Rusiyada öz ölkələrinin beynəlxalq hüquqa zidd siyasətinə etiraz edənlərə ünvanlanıb. Biz keçmişdən bilirik ki, sülhə zorakılıqla nail olmaq olmaz. Bu gün hər tərəfdən bu mənasız qanı dayandırmaq üçün qeyri-zorakı vasitələrdən istifadə edilməlidir. Biz Ukraynanın əziyyət çəkən əhalisi ilə bağlı olduğumuzu hiss edirik və ianələrin toplanmasına dəstək veririk, həmçinin müdafiə axtaranlara kömək təklif edirik”, - deyə klubun açıqlamasında bildirilir.

Xoşagəlməz və qorxulu

Bu gün nə qədər ukraynalının Almaniyanı vətəni adlandırdığını dəqiq söyləmək çətindir. Əcnəbilərin Mərkəzi Reyestrinin məlumatına görə, müharibədən əvvəl onların sayı 150 minə yaxın idi, fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra isə Almaniyada onların sayı artıq bir milyona yaxındır.

Bu arada, Almaniyada təxminən, üç milyon nəfər rusdilli yaşayır, onların çoxu 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra keçmiş Sovet İttifaqı ölkələrindən buraya köçüb.

Almaniyada gənc ukraynalıların "Veşiye” birliyi iddia edir ki, ukraynalılara qarşı təqiblər həmişə olub, lakin işğaldan sonra bu, daha da güclənib. Assosiasiyanın məlumatına görə, onun fəalları Rusiya xüsusi xidmət orqanlarının üslubunda ölüm təhdidləri və təqiblər alıb.

Çoxlarının qapı zəngini səhər saat 3:00-da qara maşında olan maskalı şəxslər çalıb, nalayiq sözlər söyləyiblər və yüksək sürətlə oradan uzaqlaşaraq gözdən itiblər. Hətta fəallardan birinin hamam otağına girən şəxslər naməlum ağ toz səpərək, qaçıb gediblər.

Almaniya da bir çox rusiyayönlü nümayişlərin keçirildiyi məkana çevrilib. Kiyevli qaçqın olan “Veşiye” könüllülərindən biri Berlində assosiasiyanın baş qərargahının yaxınlığındakı küçə ilə gedərkən, küçədən Rusiya bayraqlarını dalğalandıran insanlarla dolu avtomobil paradı keçib. Kiyevli qadın nə etdiklərini soruşanda, aqressiv formada onu tapıb zorlayacaqlarını bildiriblər.

Polşa ilə sərhəddə yerləşən Frankfurt an der Oder şəhərində 25 yaşlı tələbə Mariya universitetin yataqxanasında təxribata məruz qaldığını bildirib: “Hər şey camaşırxanada və yataqxanada bir neçə rənglənmiş Z ilə başladı. Sonra simvolizm daha da artdı. Bu Z getdikcə daha çox oldu. Bu, əsl psixoloji hücumdur, çünki mən onları hər gün görməliyəm”.

Mariyanın sözlərinə görə, Mariupolun mühasirəsinin ən çətin günlərində bülleten lövhəsində ““Azov” batalyonunun bütün üzvlərinin məhv edilməsi” təklifi peyda olub: “Daimi qorxu içində yaşayırdım. Hava qaralanda nə gözləyəcəyimi bilmədiyim üçün tək çıxmaq istəmirdim: birdən küncdə kimsə hücum etməyi gözləyirdi. Bu, mütləq psixoloji hücumdur. Z simvolunu ilk görəndə müharibənin əvvəlindəki kimi panik atak keçirdim. Çox xoşagəlməz və qorxulu idi”.

(Euronews)