Böyük Britaniyada böyük qalmaqal: Liz Trassın telefonu sındırılıb və...

Böyük Britaniyada böyük qalmaqal: Liz Trassın telefonu sındırılıb və...

Həqiqəti üzə çıxarmaq üçün bizə təcili müstəqil araşdırma lazımdır

Britaniya hökuməti keçmiş Baş nazir Liz Trassın xarici işlər naziri olarkən telefonunun sındırılması və bu barədə məlumatların ictimaiyyətə açıqlanmaması ilə bağlı iddiaların araşdırılması tələbləri ilə üzləşib. Britaniyanın "Mail on Sunday" tabloidi onun şəxsi telefonunun sındırıldığını iddia edir. Nəşr yazır ki, Rusiyaya işləməkdə şübhəli bilinən şəxslər iddia edilən haker hücumuna görə məsuliyyət daşıyırlar.

Nəşrin fikrincə, Trassın xaricdəki rəsmilərlə, o cümlədən Ukraynadakı müharibə ilə bağlı şəxsi mesajları xarici xidmət orqanlarına çata bilərdi: “İddia edilən haker hücumu Trassın iştirak etdiyi və qalib gəldiyi Mühafizəkarlar Partiyasının rəhbərliyinin yay kampaniyası zamanı aşkar edilib”.

BBC-nin siyasi müxbiri Conatan Bleyk bildirir ki, hökumət kibertəhlükələrə qarşı güclü müdafiə vasitələrinə malik olduğunu bəyan edib. Hökumət sözçüsü vurğulayıb ki, o, "fərdlərin təhlükəsizlik tədbirləri ilə bağlı şərh vermir".

“Mail on Sunday”-ə görə, sındırmanın təfərrüatını o zaman Baş nazir vəzifəsini icra edən Boris Conson və Nazirlər Kabinetinin katibi Saymon Keys gizlədib.

Qəzet həmçinin bildirir ki, Baş nazir olanda Trass ilə Maliyyə Nazirliyinin kansleri təyin etdiyi yaxın dostu Kvazi Kvartenq arasında paylaşılan şəxsi mesajlar da iddia edilən haker hücumu zamanı ifşa edilib.

BBC-nin siyasi müxbiri qeyd edir ki, hücumun necə baş verdiyi məlum deyil, lakin müxalifət partiyaları artıq bu mövzunu ələ keçirib.

Kölgə daxili işlər naziri İvette Kuper keçmiş Baş nazirin telefonunun sındırılması ilə bağlı xəbərləri düşmən dövlətin mümkün hücumu səbəbindən “çox mühüm milli təhlükəsizlik problemi” adlandırıb. O, Britaniya kəşfiyyat və təhlükəsizlik orqanlarının məsələyə ciddi yanaşacağına ümid etdiyini deyib.

“The Mail on Sunday” adı açıqlanmayan mənbələrə istinadən iddia edir ki, Rusiyaya işləməkdə şübhəli bilinən agentlər sındırılmaya görə məsuliyyət daşıyırlar. BBC bunu təsdiqləyə bilməyib.

Liberal Demokrat Partiyasının sözçüsü Layla Moran iddia edilən haker hücumunun daha əvvəl ictimaiyyətə açıqlanmamasından narahatlığını ifadə edib: "Həqiqəti üzə çıxarmaq üçün bizə təcili müstəqil araşdırma lazımdır. Əgər bu məlumatın Liz Trassın (partiya yarışında) liderliyini qorumaq üçün ictimaiyyətdən gizlədildiyi ortaya çıxsa, bu, bağışlanmaz olardı".

Hökumət qəzetin irəli sürdüyü iddiaları şərh etməkdən imtina edib.

(BBC)