“Ya Putin, ya mən”
Böyük toplantıya həm Rusiya, həm də Ukrayna liderləri dəvətlidir, lakin...
İndoneziyada gələn həftə “Böyük İyirmilər”in zirvə toplantısı keçiriləcək. Rusiya və Ukrayna prezidentləri də toplantıya dəvətlidirlər. Ancaq Rusiya Prezidenti Vladimir Putinin toplantıya qatılıb-qatılmayacağı hələ bəlli deyil.
Putin gözləmə mövqeyindədir, götür-qoy edir. Putin İndoneziyaya getməyə qərar versə də, Qərb liderlərindən kimsə onunla görüşməyəcək, onunla birgə foto çəkdirməyəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski elan edib ki, Putin İndoneziyaya getsə, o, toplantıya qatılmayacaq.
Vaşinqtonda düşünürlər ki, Rusiyanın işğal etdiyi Xerson bölgəsini itirməsi halında danışıqlar üçün zəmin yaranacaq. Bu, o qədər də ağlabatan deyil. Birincisi, Putin saxta referendum yolu ilə Xersonu Rusiyaya birləşdirib. Ukrayna ordusu Xersonu azad edərsə, bu, Rusiyada Putinin reytinqinə və imicinə ciddi zərbə vuracaq. Belə olan halda Putinin sülh danışıqlarına razılaşması onun geri çəkilməsi kimi qiymətləndiriləcək.
Putin isə hakimiyyətdə olduğu 20 ildən çox zaman kəsiyində güzəştsiz siyasətçi kimi yadda qalıb. Buna baxmayaraq, Ukrayna ordusunun əks-hücumlarının kəsəri artmaqdadır və gec-tez Rusiyaya birləşdirilən əraziləri azad edəcək.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”