Roma Papası: “Eynicinsli nikahlara icazə verə bilmərik, lakin”
Papa Fransiskdən qalmaqallı açıqlama: “İnsanları bu şəkildə qınamaq günahdır”
Cənubi Sudana səfərindən sonra jurnalistlərə açıqlama verən Roma Papası Fransisk cinsi azlıqların hüquqlarını pozan qanunları günah və ədalətsizlik adlandırıb. Onu Kenterberi arxiyepiskopu Castin Uelbi və Şotlandiya Kilsəsinin Moderatoru Yan Qrinşilds dəstəkləyib.
Uelbi və Qrinşilds Cənubi Sudana səfərdə Roma Papasını müşayiət edib və burada birlikdə müharibədən əziyyət çəkən ölkədə sülhə çağırıblar. 500 ildə ilk dəfə üç xristian kilsəsinin rəhbərləri birgə missiya ilə səyahətə çıxıblar.
Papa Fransisk mətbuat konfransı zamanı bir daha bildirib ki, katolik kilsəsi eynicinsli cütlüklərin evlənməsinə icazə verə bilməz. Lakin o, mülki birlik qanunvericiliyini dəstəklədiyini söyləyib və homoseksuallara qarşı qanunların "gözdən qaçırılmayacaq bir məsələ" olduğunu vurğulayıb.
Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Transgender və İntersekslər Assosiasiyasının məlumatına görə, hazırda BMT-yə üzv olan 66 dövlət eynicinsli münasibətləri cinayət hesab edir.
"Bu, yanlışdır. Homoseksual insanlar Allahın övladlarıdır. Allah onları sevir. Allah onları müşayiət edir. Bir insanı bu şəkildə qınamaq günahdır", - deyən Papa Fransisk bildirib.
Kenterberi arxiyepiskopu və Şotlandiya kilsəsinin moderatoru Papa Fransiskin sözlərini yüksək qiymətləndiriblər. "Mən onun dediyi hər sözlə tam razıyam", - deyən arxiyepiskop Uelbi İngiltərə Kilsəsinin homoseksualların hüquqları ilə bağlı öz daxili narazılıqların olduğunu qeyd edib.
Keçən ay Anqlikan Kilsəsi eynicinsli cütlüklərin öz kilsələrində evlənməsinə icazə verməyəcəyini söyləmişdi. Anqlikan Kilsəsinin rəsmi saytında deyilir ki, "eynicinsli vətəndaş nikahlarının xeyir-dua alması üçün rəsmi mərasimlər olmasa da, yerli kilsəniz duaları ilə sizi həmişə dəstəkləyəcək".
Dr.Qrinşilds Müqəddəs Kitaba da istinad edib: "Dörd “İncil”in heç bir yerində mən İsanın qarşılaşdığı hər kəsə olan məhəbbətindən başqa bir şey görmürəm. Və xristianlar olaraq biz bu nümunəyə əməl etməliyik və hər bir şəraitdə hər bir insana verməli olduğumuz şey sevgidir".
Mövcud katolik doktrinasına görə, homoseksual münasibətlər "deviant davranış" adlanır və pontifik daha əvvəl din xadimləri arasında homoseksuallığın yayılması ilə bağlı ciddi problemdən narahat olduğunu bildirmişdi.
Lakin bəzi mühafizəkar katoliklər onu cinsi mənəviyyatla bağlı mübahisəli ifadələr işlətdiyi üçün tənqid ediblər. 2013-cü ildə, papa olduqdan az sonra, Fransisk Katolik Kilsəsinin eynicinsli məhəbbətlə bağlı mövqeyini bir daha təsdiqləyib: homoseksual hərəkətlər günahdır, lakin homoseksual oriyentasiya yox.
Beş il sonra İrlandiyaya səfəri zamanı o vurğulayıb ki, valideynlər LGBT uşaqlarından imtina etməməli, onları sevgi dolu ailənin qoynunda saxlamalıdırlar.
(BBC)