Kremldən xaricdə yaşayan rus oliqarxlara zəng: “Geri dönün”
“Sanksiyalar elitanı Kremlə yaxınlaşmağa vadar edir, hətta ondan uzaqlaşmaq istəsələr belə”
Ukraynada müharibə başlayandan sonra Qərbin sanksiyaları altında olan və xaricdə yaşayan rusiyalı milyarderlərə Kremldən mütəmadi olaraq zənglər edilib və onlar vətənə qayıtmağa çağırılıblar. Bu barədə sentyabrın 7-də beynəlxalq biznes qəzeti “The Financial Times” (FT), belə zəngləri alan iki iş adamına, eləcə də vəziyyətlə tanış olan bir neçə başqa şəxsə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, Qərbin sanksiyaları milyarderləri Rusiyaya qayıtmağa sövq edir. “Sanksiyalar elitanı Kremlə yaxınlaşmağa vadar edir, hətta ondan uzaqlaşmaq istəsələr belə”, - deyə qəzet onlardan birinə istinadən yazır.
“Oliqarxlar saray çevrilişinə getməyəcəklər”
Jurnalistlərin danışdıqları iş adamlarının fikrincə, sanksiyalara məruz qalan oliqarxların Putini devirməyə cəhd etmək ehtimalı çox azdır. "Saray çevrilişi təşkil etmək və kralı devirmək üçün sarayda olmaq lazımdır. Onların heç biri (Qərbin sanksiyaları altına düşən oliqarxlar – red.) sarayda yoxdur", - deyə qəzetin həmsöhbətlərindən biri anonimlik şərtilə izah edib.
“Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra onlarla iri rus iş adamının Qərb banklarında hesabları dondurulub, bəziləri Qərb şirkətlərindəki səhmlərini satmağa məcbur olub və Aralıq dənizindəki villalarını itiriblər. Nəticədə onlarda Qərbə qarşı nifrət hissi yaranıb və indi onlar öz sərvətlərindən qalanı xilas etməyin yollarını axtarırlar”, - deyə FT yazır.
Rusiya Federasiyasından sanksiyaya məruz qalmış yeddi iş adamından müsahibə alan jurnalistlər belə qənaətə gəliblər ki, onlar təsir edə bilməyəcəkləri vəziyyətdə özlərini “günah keçisi” hesab edirlər.
Eyni zamanda, bir çox rusiyalı iş adamı, nəşrin həmsöhbətlərindən birinin fikrincə, digər yarısını saxlamaq imkanı təmin edilsəydi, sərvətlərinin yarısını Ukraynanın bərpasına verməyə razı olardı. Lakin Kiyev, Ukrayna Prezident Aparatının nümayəndələrinin bəyanatlarına əsasən, belə bir razılaşmaya getmir.
Rusiyanın varlıları sanksiyalara meydan oxuyur
Avropa Məhkəməsinin sənədlərinə görə, Mixail Fridman və onun ortağı Pyotr Aven də daxil olmaqla, azı 21 rusiyalı iş adamı onlara qarşı sanksiyaların qanuniliyinə etiraz edərək məhkəməyə müraciət edib.
“The Financial Times” yazır ki, rus oliqarxlarına qarşı sanksiyaların tətbiqinə haqq qazandıran sənədlərin çoxu həqiqətən də mediadan və ya sosial şəbəkələrdəki yazılardan tələsik tərtib olunmuş xəbərlərdir. Amma indi Avropa İttifaqı bu işləri yeni materiallarla doldurur.
(DW)