Azərbaycan üçün milli təhlükəsizlik məsələsi: Ermənistanda 50 minlik “ordu” toplanır
Gözləməliyik ki, düşmən ölkə qısa bir zamanda dövlət büdcəsini kəskin artırsın, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursun, özlərinin nəhəng kadr korpusunu hazırlasın, milyardlar gətirən rəqəmsal startaplar yaratsın?
Ötən gün 50 000 İT mütəxəssisin qısa bir dövr ərzində Rusiyadan Ermənistana köç etdiyi haqda yazmışdım. Bu məsələ geniş rezonans doğurdu.
Mən bu rəqəmləri Ermənistanın iqtisadiyyat nazirinin çıxışından götürmüşdüm. Amma dünən bu ölkənin Baş naziri Paşinyan da Rusiya Prezidentinin iştirakı ilə keçirilən bir tədbirdə bu haqda danışıb.
Qərar qəbul edənlərimizin diqqətinə bir daha çatdırıram ki, bu, ciddi, çox ciddi bir məsələdir. Baxıram ki, bəzi media qurumları baş verənləri və onun nəticələrini təhlil etmək əvəzinə, kimlərisə tutub danışdıraraq bu məsələni bəsitləşdirməyə, biznes mühitlə bağlı ucuz və pafoslu çıxışlara yer verib, Rusiyada vəziyyətin yaxşılaşacağı ilə bu məsələyə son qoyulacağına diqqət çəkib.
Düşünürəm ki, bu tip yanaşma olduqca qüsurludur. Burada söhbət düşmən ölkə olan Ermənistana diqqət yetirməkdən və ya aşağılamaqdan, Ermənistanın və Azərbaycanın biznes mühitinə qiymət verməkdən getmir. Məsələ tamamilə başqadır.
Düşmən ölkə uzun illər boyu əldə etməyi yalnız arzulaya biləcəyi, heç xəyalına belə, gətirməyəcəyi bir strateji resursu bir anda əldə edib. Qısa zamanda 50 minlik yüksək ixsaslı İT mütəxəssisi ordusu əldə edib. Bir anda hazır İT şirkətlər, sahibkarlar qazanıblar.
Şübhə etmirəm ki, onlar bu insan resurslarından yetərincə bəhrələnməyə, dərhal regionda və qlobalda üstünlük qazanmağa çalışacaqlar. Onların elə əvvəldən də dünya bazarına çıxan milyardlıq bir-iki resursları, diaspordan milyonlarla investisiya alan çoxsaylı startapları vardı.
İndi biz nə etməliyik?
Gözləməliyik ki, düşmən ölkə qısa bir zamanda dövlət büdcəsini kəskin artırsın, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursun, özlərinin nəhəng kadr korpusunu hazırlasın, milyardlar gətirən rəqəmsal startaplar yaratsın?
Düşünürəm ki, hökumətimiz, qərar qəbul edənlər baş verənlərə ciddi yanaşmalıdır. Ciddi təhlillər, proqnozlaşdırmalar hazırlanmalıdır.
Bir daha vurğulamaq istərdim ki, bu 50 000 İT mütəxəssisin Özbəkistana və ya Türkiyəyə getməsi bizim üçün bir ekonomik inkişaf, rəqabət məsələsi ola bilərdi. Amma bu qədər mütəxəssis ordusunun, sahibkarlar və şirkətlərin qısa zaman kəsiyində düşmən ölkədə cəmləşməsi, düşünürəm ki, bizim üçün milli təhlükəsizlik məsələsidir.
Nə bilim. Bəlkə də, bu məsələnin üzərinə çox gedirəm. Amma əminəm ki, onlar bu resurslardan, əllərinə düşən bu imkandan istifadə edib bizə, Türk Dünyasına ancaq problem yaradacaqlar.
Düşünürəm ki, ölkəmizdə rəqəmsal sektorun inkişafı üçün, İT biznesin və İT təhsilin inkişafı üçün, İT eksportun gücləndirilməsi üçün münbit şərait daha da inkişaf etdirilməlidir. Cəlbedici vergi güzəştləri tətbiq edilməlidir.
Bu sahədə bütün maraqlı tərəflər - dövlət, biznes və vətəndaş cəmiyyəti bir araya gəlməli və köklü dəyişikliklərə start verilməlidir.
Müəllif: Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
Mənbə: “Facebook”