Əxlaq polisi ləğv edilməyib, şübhə və etirazlar genişlənir - İkinci İran İnqilabı?

Əxlaq polisi ləğv edilməyib, şübhə və etirazlar genişlənir -

“Artıq hicab mərhələsini keçdik, indi istəyimiz diktatorun ölümü və rejiminin dəyişməsindən başqa bir şey deyil”

İran əhalisi və dünya ictimaiyyəti hicab taxmaq və geyimdə “təvazökarlıq” haqqında qanunların icrasına nəzarət də daxil olmaqla, əxlaq polisinin ləğv edildiyini elan edən İran Baş prokurorunun bəyanatlarını necə şərh edəcəyini anlamağa çalışır. Ölkənin bəzi dövlət mediası rəsminin düzgün başa düşülmədiyini bildirir, amma sərt geyim tələbindən narazı olan iranlılar etirazları dayandırmaq niyyətində deyillər.

Ötən həftəsonu İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri dini konfransda deyib: “Əxlaq polisinin hüquq mühafizə sistemi ilə heç bir əlaqəsi yoxdur və yaradıldığı yerdə ləğv edilib”.

Bununla belə, o, hüquq mühafizə sisteminin “rayon səviyyəsində davranışa nəzarəti” davam etdirəcəyini vurğulayıb.

İranda əxlaq polisi milli polisin bir hissəsidir və ədliyyəyə deyil, Daxili İşlər Nazirliyinə tabedir. Amma bir gün əvvəl həmin Baş prokuror demişdi ki, qadınlara başlarını örtməyi məcbur edən qanunun dəyişdirilməsi ilə bağlı “həm parlament, həm də məhkəmə sistemi işləyir”.

Bu, bir çoxlarına hakimiyyətin etirazçıları yarı yolda qarşıladığını və hətta sərt qaydaların müəyyən qədər liberallaşdırılması barədə deməyə əsas verdi.

Bu, nə demək olardı?

İranlı jurnalistlər və politoloqlar deyirlər ki, əgər hakimiyyət həqiqətən də əxlaq polisini ləğv etmək qərarına gəlsəydi, bunu rəsmi prosedur çərçivəsində edərdi - ən azı, hökumət nümayəndələri mətbuat konfransı keçirərək bütün ölkə üçün elan verərdilər. Bu halda bu proses baş vermədi.

Baş prokurorun bəyanatı yayıldıqdan sonra bəzi İran dövlət media qurumları əxlaq polisinin  ləğvi ilə bağlı xəbərləri təkzib etdi.

Ərəbdilli dövlət telekanalı “Əl-Aləm” bildirib ki, kimsə Baş prokurorun sözlərini yanlış şərh etməyə çalışıb: “Mohammed Jaafar Montazerinin sözlərindən ən çox başa düşülən şey odur ki, əxlaq polisi patrulları yarandığı gündən ədliyyə sistemi ilə bağlı olmayıblar”.

Mühafizəkar Tələbə Xəbərlər Şəbəkəsi (SNN) isə “yalan başlıqları” rədd edərək, hicabın “İranda hələ də qanun olduğunu” vurğulayıb.

Eyni zamanda, islahatçı “Şərq” qəzeti yazıb ki, Tehran polisinin ictimaiyyətlə əlaqələr şöbəsi nəşrin əxlaq polisinin buraxılması ilə bağlı sualından yayınıb.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Serbiyada səfərdə olarkən bu barədə ona da sual verilib. O, xəbərləri nə təsdiq, nə də təkzib edib və deyib: “İranda demokratiya və azadlıq çərçivəsində hər şey yaxşı gedir”.

İran Prezidenti İbrahim Rəisi şənbə günü televiziyada çıxışında deyib ki, İranın cümhuriyyət və islami əsasları konstitusiyada təsbit olunub, “lakin konstitusiyanın həyata keçirilməsi üçün çevik üsullar mövcuddur”.

Bundan əvvəl İran hakimiyyəti dəfələrlə bəyan edib ki, hicab taxma qaydaları yenidən nəzərdən keçirilmir.

"Bizdə inqilabdır"

İranda kütləvi etirazlar hicabı səhv geyindiyinə görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. O, döyüldükdən sonra ölüb - nümayişçilər bunun döyülmə səbəbindən olduğuna əmindirlər, baxmayaraq ki, səlahiyyətlilər ölümün infarkt səbəbindən baş verdiyini iddia edirlər.

Nümayişlərin başlanmasına Əmininin ölümü səbəb oldu, lakin şüarlar arasında çox sürətlə rejimin devrilməsi üçün siyasi tələblər peyda oldu. İranlıların yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı çoxdankı şikayətləri də üzə çıxıb.

İslami Şura Məclisinin İdarə Heyətinin sözçüsü Nezamuddin Musəvi bazar günü deyib: “İranda kütləvi etirazlar məsələsi parlament və hökumətin son qapalı iclasında qaldırılıb. Həm hökumət, həm də parlament etirazların əksəriyyətinin iqtisadi problemlərlə bağlı olduğunu qəbul edir. Sabitliyə nail olmağın ən yaxşı yolu xalqın real tələblərinə diqqət yetirməkdir”.

Baş prokurorun əxlaq polislərin buraxılması ilə bağlı dedikləri təsdiqlənərsə, bu, etirazçılara güzəşt olacaq. Lakin bundan sonra nümayişlərin dayanacağına heç bir zəmanət yoxdur.

BBC Dünya Xidmətinin “Newshur” radio proqramına iranlı bir qadın deyib: "Hökumətin əxlaq polisni ləğv etmək qərarına gəlməsi etirazların bitməsi demək deyil. Hökumət hicabın hər kəsin şəxsi seçimi olduğunu desə belə, bu, kifayət deyil. İnsanlar bilirlər ki, bu hökumətin hakimiyyətdə olması ilə İranın gələcəyi yoxdur. Biz İran cəmiyyətinin müxtəlif təbəqələrindən, mötədil və ənənəvi, qadınlara dəstək verən və daha çox hüquqlarını geri almağa çalışan daha çox insan görəcəyik”.

Başqa bir qadın bildirib: "Biz etirazçılar daha hicaba əhəmiyyət vermirik. Son 70 gündür ki, hicabsız çıxırıq. Bizim başımıza gələn inqilabdır. Hicab onun başlanğıcı idi və bizim istəyimiz diktatorun ölümü və rejiminin dəyişməsindən başqa bir şey deyil”.

ABŞ dövlət katibi Entoni Blinken İranın əxlaq polislərinin ləğvinin “müsbət bir şey” ola biləcəyini söyləyib: “İranlı gənclərin, xüsusən də bu etirazlara rəhbərlik edən qadınların fövqəladə cəsarətini yüksək qiymətləndiririk”.

İran hakimiyyəti etirazları xarici düşmənlərin qızışdırdığı “iğtişaşlar” adlandırıb və onlara qəddar güclə cavab verib: hüquq müdafiəçilərinin məlumatına görə, nümayişçilərlə polis arasında toqquşmalar zamanı azı 450 nəfər, o cümlədən 60 uşaq həlak olub. 18 mindən çox adam həbs edilib.

(BBC)