İranda “əcnəbi ovu” və xəbərdarlıq: “Təcili bu ölkəni tərk edin!”

İranda “əcnəbi ovu” və xəbərdarlıq:

Fransa öz vətəndaşlarına müraciət etdi: “Əsas hüquqlar və şəxsi təhlükəsizlik təmin edilmir”

Fransa hökuməti İrandakı vətəndaşlarını “onların gözlənilməz həbs olunma riskini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etməyə” çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc edilmiş, turistlər və səyahətçilər üçün yenilənmiş tövsiyələrdə deyilir.

Sənəddə bildirilir: “Fransadan (İrana - red.) gələn hər bir ziyarətçi, o cümlədən ikili vətəndaşlığı olanlar üçün həbs, əsassız həbs və ədalətsiz mühakimə riski yüksəkdir. Bu risk adi turist turunda olan insanlara da aiddir”.

XİN vurğulayır ki, İranda həbs və ya saxlanma halında “əsas hüquqlar və şəxsi təhlükəsizlik təmin edilmir”.

İranda həbs edilən Fransa vətəndaşları

2021-ci ilin may ayında İranda Fransa vətəndaşları və müəllimlər həmkarlar ittifaqının üzvləri Sesil Kolaire və Jak Paris həbs ediliblər. İslam Respublikası hakimiyyəti onları casusluqda ittiham edib.

Fransa XİN-in saytında xəbərdarlıq dərc olunan ərəfədə İranın dövlət televiziyası Kolaire və Parisin iştirakı ilə onların törədilmiş cinayətləri "etiraf etdikləri" iddia edilən videoçarx nümayiş etdirib. Fransa XİN bu videonu "iyrənc qurulmuş səhnə" adlandırıb və həbs olunanların dərhal azad edilməsini tələb edib.

Bundan əlavə, İranda daha iki Fransa vətəndaşı həbsdədir - 2020-ci ilin mayında saxlanılan və eyni zamanda casusluqda ittiham olunan səyyah Benjamin Briere və 2019-cu ilin iyununda həbs edilən və daha sonra 5 il müddətinə azadlıqdan məhrum edilən antropoloq tədqiqatçı Fariba Adelha. Frana ilə yanaşı, onun İran vətəndaşlığı da var.

İranda əcnəbilərin saxlanılması

Bundan əvvəl, sentyabrın 30-da İran kəşfiyyatı, 22 yaşlı Məhsa Əmininin ölümündən sonra nümayişlərə qatılan 9 Avropa ölkəsi vətəndaşının etirazlar zamanı saxlanıldığını elan edib. Saxlanılanların kimliyini açıqlamayan idarə onların arasında Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşlarının olduğunu bildirib.

İranda polis zorakılığının qurbanı olduğu güman edilən Məhsa Əmininin dəfn mərasimindən sonra İranda qadın zülmü və polis vəhşiliyinə qarşı kütləvi etirazlar başlayıb.

İran hakimiyyəti həmçinin beynəlxalq arenada öz maraqları naminə danışıqlar aparmaq üçün xarici girovlardan istifadə etməkdə ittiham olunur.

(DW)