“Şuşa daha öncədən azad edilmişdi, lakin dövlət əmin olmaq istəyirdi ki...”
Səxavət Məmməd: “Artıq ordumuz müharibə və ondan sonrakı uğurlu hərbi əməliyyatlara o qədər alışıb ki, dislokasiya yerində xidmət hərbçilərə maraqsız görünür”
Azərbaycanda Zəfər Günü təntənəli şəkildə kimi qeyd olundu. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.
Müharibənin canlı şahidlərindən olan, 44 gün ərzində və ondan sonra döyüş bölgəsindən Azərbaycan ictimaiyyətinə məlumatlar çatdıran hərbi jurnalist Səxavət Məmməd zəfərin ikinci ildönümündə tarixi qələbə haqqında fikirlərini AYNA ilə bölüşüb.
Jurnalist iki il əvvələ nəzər salanda Azərbaycan insanında, Azərbaycan Ordusunda çox şeyin dəyişdiyini qeyd edib:
- Artıq iki ildir ki, Azərbaycan dövləti və xalqı qalibdir. 30 ilə yaxın müddətdə Azərbaycanın üzərinə gələn dövlətlər bu iki ildə də durmadan gəldi. Hətta elə bir dönəm yaranmışdı ki, Rusiya Azərbaycana basqı edərək Şuşa və Hadrutun erməni tərəfinə verilməsinə çalışırdı. Azərbaycan tərəfi bütün təzyiqlərin qarşısında dik durmağı bacardı. Qalibiyyət elə bir şeydir ki, onu qorumaq daha çətindir. Düzdür, o düşüncədə olanlardanam ki, qalibiyyətin dadını çıxara bilməmişik. Bu iki il ərzində çoxlu sayda hadisələr baş verdi, əməliyyatlar, şəhidlər, ordunun içərisindəki problemlər... Ancaq bunun heç biri qələbəni əldən verməyə yetmədi.
Hesab edirəm ki, qələbəni qoruya bilmişik. Artıq bütün dünya bununla hesablaşır, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu içi Ermənistan qarışıq hər bir dövlət deyir. Ümumiyyətlə, qaliblər mühakimə olunmur. Ona görə də, Azərbaycanın meydandakı qələbəsi mühakimə olunacaq deyil. Çox istərdim ki, xalqımız qələbənin dadını da doya-doya yaşasın. Ancaq bu gün Azərbaycana qarşı bir hibrit müharibəsi aparılır. Qələbənin dadını çıxarmağa hansısa güclər imkan vermir.
- Zəfər hərbçilərimizin xidmətində hansı dəyişikliyə səbəb oldu?
- Bu yerdə Aprel döyüşlərini xatırlamaqda fayda var. Aprel döyüşlərindən sonra olan dəyişikliyi indi də xatırlayıram. İlk dəfə idi ki, hərbi formada biri mağazaya girəndə pul alınmırdı, ilk dəfə taksi, yolla gedən maşın hərbi formada olan birini görən kimi saxlayıb, gedəcəyi yerə aparırdı və pul almırdı. Qələbə belə şeydir, hörmət gətirir. 44 günlük müharibə isə orduda və hərbçilərdə xüsusi özgüvən yaratdı. Artıq Azərbaycan Ordusunun mənsubları müdafiə olunmağa çalışan, üstündə 30 illik tənəsi olan ordu deyil. Xidmətdə bütün çətinliklərə baxmayaraq hərbçilər qalib ordunun mənsubu kimi xidmət aparırlar.
Müharibədən sonra maaş problemi oldu, bəzi yeyinti hallarının üstü açıldı. Bu qədər neqativlərin qarşılığında ordu öz işini görür. Müharibədən sonra bir neçə uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Ordu o qədər buna alışıb ki, dislokasiya yerində xidmət bir qədər maraqsız görünür. Dəfələrlə söhbətlərimizdə hərbçilər deyiblər ki, əməliyyat olsaydı, maraqlı olardı. Bunun adı özgüvəndir. Bunu ordu öz gücü, qanı bahasına əldə edib.
- Yəni ki, ordunun hazırkı ruh halı yüksəkdir...
- Əlbəttə, müharibə ordunun ruh halını tamamilə dəyişib. Artıq Azərbaycan xalqı ordusuna güvənir, ordu onların üzünü ağ edib, ordu onların qürurunu bərpa edib. Buna görə də ciddi rəğbət var. Təbii ki, ordu mənsubları da bunu iliyinə qədər hiss edirlər. Ordunun böyük hissəsi çətin şəraitdə, qarlı, yağışlı, hündür ərazilərdə xidmət aparır. Məsələ ondadır ki, bu qədər çətinliyə baxmayaraq, ordu bir işarəyə bənddir. Əslində belə şəxsi heyəti idarə etmək də çətindir. Çünki iki ildir ki, bu ordu başqa vəziyyətlərə alışıb. Müharibə, ardından uğurlu əməliyyatlar... Hərəkətdən hərəkətsizliyə keçmək bir qədər çətin gəlir.
İki il adrenalin dolu günlər keçirən ordunun hərəkətsiz qalması bir qədər çətindir. Hesab edirəm ki, ordudakı ruh, mənəvi psixoloji vəziyyət yaxşı formadadır. Səngərdə duran, posta çıxan, qarşı tərəfi müşahidə edən hərbçi artıq qalib ədası ilə bunu edir. Danışıqlarda, mövqelərin müəyyən edilməsi üçün görüşlərdə 2 il əvvəlkinə nisbətən indi fərqli davranırlar. Qalibiyyət diqtəyə gətirib. Hesab edirəm ki, bəzi problemləri də həll etmək olar. Düzdür, bu problemlər ruh düşkünlüyü yaratmasa da, ürək bulandırır. Bunu da aradan qaldırmaq lazımdır.
- Qələbəni qorumaq üçün cəmiyyət olaraq nə etməliyik?
- Qələbəni qorumaq təkcə cəmiyyətin işi deyil. Qələbəni dövlətlə xalqın vəhdəti yaratdı. Hesab edirəm ki, bunu qorumaq üçün də dövlətlə xalqın bir olması lazımdır. Cəmiyyətdən təbii ki, fərqli səslər, fərqli fikirlər çıxacaq. Cəmiyyətimiz ayıq olmalıdır. Azərbaycana qarşı hibrit müharibəsi aparıldığını dedim. Hibrit müharibələr məhz cəmiyyəti bölmək, parçalamaq və fərqli fikirlərə yol açmaq üçündür. Bunu edən ölkələr Rusiya, İran və digərləridir. Cəmiyyət hər şeyə hazır olmalıdır. Cəmiyyət ani reaksiya verməkdən çəkinməlidir. Bu iki il ərzində çox informasiyalar oldu ki, cəmiyyəti böldü, parçaladı, sonra məlum oldu ki, nəyə hesablanıb. Qınamıram, bunları xüsusi xidmət orqanları, bu sahə ilə məşğul olan jurnalistlər daha tez anlayır və nəyə hesablandığını bilir. Düzdür, dövlət qurumlarının buna qarşı mübarizə üsulu primitivdir, ancaq tərif üzərində qurulmuş yazılar və çıxışlarla cəmiyyətə mesaj ötürməyə çalışırlar. Ümid edirəm ki, Azərbaycan bu istiqamətdə də inkişaf edər.
- Şuşanın azadlığı ilə məlum oldu ki, artıq Azərbaycan qalibdir. Elə Zəfər Günü də Şuşanın azad olunduğu günə təsadüf edir. Həmin günü – 8 noyabrı necə xatırlayırsınız?
- Düzü, Şuşanın azad edilməsi noyabrın 8-i elan edildi. Ancaq Şuşaya Azərbaycan Ordusu bir neçə gün əvvəldən girmişdi. Erməni tərəfi bir neçə dəfə həmlə də etdi ki, geri qaytarsın, ancaq bacarmadı. Artıq dövlət tam əmin olanda ki, Şuşanı müdafiə edə biləcək və bundan sonra qarşı tərəfin heç bir həmləsi Şuşanı itirməyə yetməyəcək, o zaman elan edildi. Əslində bütün işağldan azad edilmiş ərazilər bu prinsiplə elan edilirdi.
Artıq noyabr ayı girəndən ordunun hərəkət istiqaməti və artilleriyanın hansı sahələrə çıxarılması şəxsən mənə deyirdi ki, Şuşa üzərində iş gedir. Noyabr ayı girəndən qarşı tərəf də bilirdi ki, Şuşa Azərbaycanın hədəfidir. Yolun açılması, şəxsi heyətin cəmlənməsi hər şeyi deyirdi. İlk Daşaltı kəndi ilə bağlı məlumat əldə etmişdim. O zaman anladım ki, Şuşa azadlığına son anlar, hətta saatlar qalır. Könüllülərdən dostlar vardı, onlarla bir yerə qədər gedib çıxa bilmişdim. Nəqliyat və ərazinin durmadan vurulması daha yaxına getməyə imkan vermədi. Ona görə də geri qayıtmalı oldum. Ancaq hər gün əlaqədə idim.
Şuşa uğrunda döyüşlər çox çətin keçib. Faktiki olaraq oranı qorumaq üçün qarşı tərəf hər şey edirdi. Ancaq manevrlər, fərqli istiqamətə hücumlar, artilleriyanın durmadan işləməsi, əsas da hücum qruplarının inanılmaz əzmi Şuşanı Azərbaycana yenidən qazandırdı.
Tarix deməyəcəm, ancaq noyabrın 8-dən əvvəl idi. Zəng gəldi ki, Şuşa hazırdır, ancaq heç yerdə yazma. Yazmadım. Millət vəkili Aqil Abbas ondan bir-iki gün əvvəl mənə dedi ki, Şuşa xəbərini bilən kimi mənə zəng elə. İlk ona zəng elədim. Dedim, muştuluğumu ver, "Ş" hazırdı. O vaxt telefonda hər şeyi demək olmurdu, ona görə rayonların baş hərflərini deyə bilirdik. Telefonda kövrəldi, ağladı. Gecə evə gəldim, anama dedim, çox deyirdin ki, yeddi aşırım belə qəşəngdir, elə gözəldir, indi muştuluğumu ver, Şuşanı uşaqlar götürüblər. Ağlaya-ağlaya gülürdü...