Sülhməramlılara aid daha 2 avtomobil Xankəndidən Laçına keçib
Aksiya iştirakçıları minik avtomobillərinin hərəkətinə maneə yaratmayıblar
Azərbaycanlı eko-fəallar, qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri tərəfindən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 22-ci gündür davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, sülhməramlılara aid 2 minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.
Qeyd edək ki, etirazçılar sülhməramlılardan öhdəliklərini yerinə yetirməyi tələb edirlər. Onların Ermənistan tərəfindən tələbi isə qanunsuz mədən işlərinin aparıldığı, ölkəmizin ekosisteminə ciddi ziyan vurulan mədənlərə Azərbaycanın hökumət nümayəndələrinin və mütəxəssislərinin daxil olmasını təmin etməkdir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.