“Ermənilər bir kənddə 57 nəfəri qətlə yetiriblər”

“Ermənilər bir kənddə 57 nəfəri qətlə yetiriblər”

Dövlət Komissiyası: “Qaradağlı kəndinin işğalı zamanı 39 nəfər itkin dümüş şəxs hazırda axtarışdadır”

“17 fevral 1992-ci il tarixdə milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib. İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilib. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər”.

"Avronews" bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir.

“Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb. Soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Xocavənd rayonu, Qaradağlı kəndi işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır: “Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır. Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub”.

Qeyd edək ki, Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il keçir.