Sülhməramlılarla üz-üzə: çadır “səngərlərdə”
Azərbaycanlı fəalların etiraz aksiyası davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda dünən səhərdən başlayana etiraz aksiyası davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, etirazçılar gecəni ərazidə quraşdırılan çadırlarda keçiriblər.
Məlumatlara görə, aksiyaya yeni-yeni insanlar qoşulurlar. Belə ki, Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.
Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.