Məhsa Əmininin atası: “Məni qızımın meyitinə də yaxın buraxmadılar”

Məhsa Əmininin atası: “Məni qızımın meyitinə də yaxın buraxmadılar”

“Hökumət yalan danışır, övladımın səhhətində heç vaxt problem olmayıb”

İranın əxlaq polisi tərəfindən hicabı səhv geyindiyinə görə saxlanılan 22 yaşlı tələbə Məhsa Əmininin ölümü ölkədə son ayların ən böyük etiraz dalğasına səbəb olub. Son bir həftədə gündə İranın müxtəlif şəhərlərində azı 17 etirazçı həlak olub.

BBC Məhsa Əminin atası ilə həmsöhbət olub.

Kürd əsilli Əmini keçən həftə Tehranda qadınların saçlarını hicab və ya çadra ilə, qollarını və ayaqlarını uzun paltarla örtmələrini tələb edən qanunu pozmaqda ittiham edilərək saxlanılıb. Həbsindən qısa müddət sonra o, komaya düşüb və üç gün sonra xəstəxanada dünyasını dəyişib.

Səlahiyyətlilərə görə, ölüm ürək tutması səbəbindən baş verib. Amma Əmininin yaxınları onun heç vaxt ürəyində problem olmadığını deyirlər. Onlar qızın döyülmələr səbəbindən öldüyündən şübhələnirlər.

Atası da bu haqda danışır. Amjad Əmininin dediyinə görə, ona qızının meyitinin yarılmasına icazə verilməyib. Amma o, qızının səhhətinin həmişə yaxşı olduğunu bildirib.

Ata qızının başına gələnləri şahidlərdən eşitdiyini deyir. Onlar qızının həbsdən sonra döyüldüyünü ailəyə deyiblər.

İran hakimiyyəti iddia edir ki, Məhsa Əmini döyülməyib, lakin polis tərəfindən aparıldığı polis bölməsində qəfil ürək tutmasından komaya düşüb.

Lakin atasının dediyinə görə, Əmini saxlanılan zaman onun yanında 17 yaşlı qardaşı Kiaraş olub və o, bacısının onun döyüldüyünü görüb.

Ölən qızın atası deyir: "Oğlum da onun yanında idi. Şahidlər var ki, onu mikroavtobusda, sonra isə polis bölməsində döyüblər".

“Oğlum onu aparmamalarını xahiş edib, amma onu da döyüblər, paltarları cırılıb. Polisin kamerasındakı görüntülərə baxmalarını istədim, onlar mənə dedilər ki, bu zaman kameraların batareyası bitib”, - deyə Amjad Əmini danışır.

İran hakimiyyəti iddia edir ki, Əmini həbs olunan zaman “qeyri-təvazökar” geyimdə olub. Amma atası deyir ki, qızı həmişə uzun plaş geyinirmiş.

“Qızımın ölümündən sonra uzun müddət onun cəsədini görməyimə icazə verilmədi. Qızımı görmək istədim, amma məni içəri buraxmadılar. Həkimdən yarılma protokolunu oxumasını xahiş etdim, amma “nə istəsəm, yazıram, sənin bununla heç bir əlaqən yoxdur” deyə cavab aldım”, - deyə ata söyləyir.

Ölən qızın ailəsinə yarılma nəticələri barədə heç vaxt məlumat verilməyib. Amjad Əmini yalnız bir dəfə qızının cəsədini görüb - kəfənə bükülmüşdü, yalnız ayaqları və üzü görünürdü.

“Ayaqlarında qançırlar var idi. Həkimlərdən qızımın ayaqlarına diqqətlə baxmalarını xahiş etdim”, - deyə ata qeyd edir.

Əmininin sözlərinə görə, hakimiyyət nümayəndəsi ona deyib ki, polis qançırların haradan əmələ gəldiyini müəyyənləşdirəcək. Amma heç vaxt onunla əlaqə saxlamayıblar: “Mənə məhəl qoymadılar, indi də yalan danışırlar”.

Tehran Əyalətinin Patoloji Anatomiya Xidmətinin rəisi Mehdi Faruze qızın bədənində üz və ya baş nahiyəsində zərbələr, gözlərin altında əzilmələr və kəllə dibində sınıqlar aşkar edilmədiyini açıqlayıb. Səlahiyyətlilər onun daxili zədəsinin olmadığını da bildirirlər.

Amjad Əmini səlahiyyətlilərin qızının ölümünü sürətləndirə biləcək sağlamlıq problemlərinin olması ilə bağlı iddiaları ilə qəti şəkildə razılaşmır: “Qızım 22 il boyunca bir dəfə xəstəxanada olmayıb. Olsa-olsa, soyuqdəyməsi olub. Onun səhhətində heç bir problem olmayıb, heç vaxt əməliyyat olunmayıb”.

BBC əməkdaşı Məhsa Əmininin iki keçmiş sinif yoldaşı ilə görüşüb - onlar qızın uşaqlıqda əməliyyat olunduğunu eşitmədiklərini deyiblər.

(BBC)