“Ermənilər Laçından çıxarkən bütün su infrastrukturunu dağıdıblar”
“Azərsu” sözçüsü: “Laçın şəhərinə su nəql edən nasoslar sökülüb aparılıb və onun binası dağıdılıb”
“Aparılan təftişlər nəticəsində məlum olub ki, ermənilər Laçından çıxarkən bütün su infrastrukturunu dağıdıb. Belə ki, Laçın şəhərinin su mənbəyi subartezian quyuları olub. Bu quyular tamamilə dağıdılıb və nasoslar çıxarılıb. Sanki burada quyular olmayıb”.
“Avronews” xəbər verir ki, bunu Laçında jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
“Eyni zamanda, Laçın şəhərinə su nəql edən nasoslar sökülüb aparılıb və onun binası dağıdılıb. Şəbəkənin nə vəziyyətdə olduğu bilinmir. Hazırda alternativ mənbələrdən, bulaqlardan Laçın şəhərinə su nəqli ilə bağlı işlər gördük”, - deyə o bildirib.
ASC sözçüsünün dediyinə görə, məlum olub ki, şəhərə su gəlib çıxmır: “Təftiş zamanı o da məlum oldu ki, onlar 325 mm diametrlik polad su xəttinin bir hissəsini kəsib böyük odun kötüyü yerləşdiriblər. Bu da suyun gəlməsinin qarşını alıb”.
Cəbrayıllı əlavə edib ki, “Azərsu” dərhal əraziyə suyun çatdırılması üçün 3 ədəd su maşını ezam edib və ilkin olaraq suyun çatdırılması təmin edilib: “Avqustun 31-də alternativ mənbələrdən suyun gətirilməsi üçün burada sudoldurucu qüllə yaradılıb və Laçın şəhərində su maşınları ilə xidmət göstəririk”.