İran rejimi xalqa qarşı savaşı davam etdirir – Daha 2 edam
“Ona elektroşoker ilə işgəncə verilib və ayaqlarına metal çubuqla vurulub”
İran hökuməti ötən ilin sentyabrında ölkəni bürümüş və hələ də davam edən etirazlarda iştirak edən daha iki nəfəri asıb. Onlar aksiyaların birində hərbçinin qətlində iştirak etməkdə ittiham olunublar.
Prokurorların sözlərinə görə, 22 yaşlı Mehdi Karami və Səid Məhəmməd Hüseyni (yaşı dəqiqləşdirilməyib) bir qrup digər etirazçı ilə birlikdə İran ordusunun zabitini soyundurub, ələ salıb, sonra isə öldürüb.
Cinayətin əvvəllər küçə qarşıdurmaları zamanı hökumət qüvvələri tərəfindən öldürülən dostunun ölümünə görə qisas almaq məqsədilə törədildiyi iddia edilir.
Kərəminin ailəsi deyir ki, edamdan əvvəl onu görməyə icazə verilməyib. Hüseyninin vəkili isə bildirib ki, onun müvəkkili həbsxanada ağır şəkildə döyülüb və demək olar ki, hər zaman gözləri bağlı saxlanılıb.
Onun vəkillərindən biri Əli Şərifzadə Ərdəkani deyir: "Ona elektroşoker ilə işgəncə verilib və ayağına metal çubuqla vurulub".
Yanvarın 3-də İranın Ali Məhkəməsi şikayətə baxıb və ölüm hökmünü qüvvədə saxlayıb. Hökumət əleyhinə çıxışlara görə edam edilənlərin ümumi sayı hazırda dörd nəfərdir.
Dekabr ayında nümayişkəranə məhkəmələrdən sonra iki gənc iranlı - Möhsün Şəkəri və Məcidreza Rəhnavard artıq edam edilib. İnqilab Məhkəməsi onları "Allaha qarşı müharibə"də təqsirli bilib. Bu, çox qeyri-müəyyən olan milli təhlükəsizlik qanununun pozulmasıdır.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına görə, İranda beşi qadın olmaqla, ən azı 100 hökumət əleyhinə etirazçı edam cəzasına məhkum edilib və ya ölüm hökmünü gözləyir.
Polis bölməsində qətl
Hökumət əleyhinə genişmiqyaslı etirazlara səbəb 22 yaşlı iranlı Məhsa Əmininin ölümü olub. O, sentyabrın 18-də İslami geyim qaydalarını pozduğuna görə Tehranda əxlaq polisi tərəfindən saxlanılıb, polis idarəsində vəziyyəti piləşib, qız komaya düşüb və tezliklə dünyasını dəyişib.
Məhsanın qohumları və onun həbsi ilə bağlı şahidlər qızın polis tərəfindən döyüldüyünü iddia edirlər. Ölkənin onlarla şəhərində minlərlə insan küçələrə axışaraq, ümumilikdə təhlükəsizlik qüvvələrinin terroruna son qoyulmasını, xüsusilə də qadınların hüquqlarına hörmət edilməsini tələb edib.
Tehran və digər şəhərlərdə qadın və qızlar hicablarını küçədə çıxarıblar. Məktəbli qızlar dərsə başları açıq gəlirdilər.
İranın məşhur aktrisaları və idmançıları etirazlara dəstək veriblər. Onların bir çoxu sonradan həbs edilib. İranlı kişilər ana və bacıları ilə həmrəylik şüarları ilə küçələrə çıxıblar.
Müxtəlif təşkilatlar indiyədək qarşıdurmalarda 70-i uşaq olmaqla, azı 516 etirazçının öldüyünü təxmin edir. 19 262 nəfər həbs edilib. Bir çoxları artıq uzun müddətə azadlıqdan məhrum ediliblər, məhkumlar arasında uşaqlar və yeniyetmələr də var.
Hüquq müdafiəçiləri deyirlər ki, həbsdən sonra bəzi məhbuslar sadəcə olaraq izsiz yoxa çıxırlar. Digərləri, hüquq müdafiəçilərinin fikrincə, işgəncələrə məruz qalırlar və vəkillərin onlarla görüşünə icazə verilmir.
Təhlükəsizlik qüvvələrindən indiyədək 68 nəfər ölüb.
(BBC)