Laçın dəhlizindən Qarabağa silah-sursat daşınır – Azərbaycan XİN-dən bəyanat
“Son mina partlayışlarının 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib”
2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.
“Avronews” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda əksini tapır.
“Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir”, - deyə XİN bəyan edir.
Nazirliyin məlumatına görə, ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib: “2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib. Onlardan 3 nəfəri jurnalist olmaqla, 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır”.
Azərbaycan XİN Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq olduğunu vurğulayıb: “Bununla yanaşı, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib”.