Rusiyanın “qırmızı xətt”i keçildi: Krımda partlayış və yanğın – VİDEO

Rusiyanın “qırmızı xətt”i keçildi: Krımda partlayış və yanğın –

Putin hadisə ilə bağlı xüsusi tapşırıq verib, fakt üzrə araşdırmalara başlanılıb

Krım körpüsündə güclü partlayış və yanğın baş verib. “Avronews” Ukrayna və Rusiya mediasına istinadən xəbər verir ki, yanğın yük avtomobilinin partlaması nəticəsində başlayıb. Nəticədə körpünün avtomobil yolunun bir hissəsi dağılıb. Yanğın daha sonra yanacaq dolu çənlərə keçib.

Hadisə ilə əlaqədar Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb. Rusiya Dəmir Yollarının yaydığı məlumata görə, yaxın vaxtlarda Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkəti dayandırılıb: “Qatarlar müvəqqəti olaraq Krım istiqamətində hərəkət etməyəcək. Krıma qatara bilet satışı da dayandırlıb”.

Rusiya Prezidenti Vladimir Putin Krımda baş vermiş partlayışla bağlı dövlət komissiyasının yaradılması ilə bağlı tapşırıq verib. Kremlin mətbuat katibi Dmitri Peskovun verdiyi açıqlamaya görə, Komissiyanın üzvləri sırasında Krasnodar və Krım vilayətlərinin başçıları, Milli Qvardiyanın nümayəndələri, FTB və DİN nümayəndələri də olacaq.

Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi başladılıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb: “Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Krım körpüsündə baş vermiş insidentlə bağlı cinayət işi açıb. İlkin məlumata görə, bu gün səhər saatlarında Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb. Taman yarımadasında Krım yarımadası istiqamətində hərəkət edən dəmir yolu qatarının yeddi yanacaq çəninin alışması nəticəsində iki avtomobil körpüsünün arakəsmələri qismən dağılıb”.

Körpüdə dizel yanacağı ilə hərəkət edən qatarda baş verən yanğın söndürülüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib: “Krım körpüsündə dizel yanacağı olan dəmir yolu qatarındakı yanğın söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər, 70 texnika cəlb olunub”.