Krımda olar, Xankəndidə yox?
Ukraynanın haqlı davranışını alqışlaşayanlar Azərbaycanın haqlı addımlarını tənqid edirlər
Krım 2014-cü ildən Rusiya tərəfindən işğal, sonra da qeyri-qanuni “referendumla” ilhaq olunmuş Ukrayna ərazisidir. Rusiya Krımı işğal edəndən sonra ora yol çəkdi, beynəlxalq hüququ tapdalayaraq Krım körpüsünü inşa etdi – izahı da o oldu ki, orada 3 mln. insan yaşayır, Ukrayna tərəfi Krımla olan bütün quru yolları bağlayıb, Krımda humanitar böhran yaşanır, ona görə də təchizat üçün Krım körpüsünə ehtiyac var. Amma dünya da, elə bizim ictimai rəy də bu bəhanələrə, humanitar məsələyə önəm vermədi, işğalın davamı üçün körpü tikildiyini bildirdi.
Ukrayna haqlı olaraq o körpünü, quru yolu hərbi hədəf saydı-sayır, bir müddət öncə körpüdə qəliz, düşünülmüş, dünya hərb tarixinə düşəcək əməliyyat keçirərək körpünün bir hissəsini partlatdı, bununla da işğal altında olan Krımda Rusiyanın təchizatını ciddi axsatdı. Dünya ictimayyəti və bizim toplum buna necə reaksiya verdi?! Bəli, Ukraynanı haqlı saydıq, çünki bu ölkə, bu xalq işğala, separatizmə qarşı mücadilə verir!
Yaxşı, o zaman körpünün partladılmasını alqışlayan, bunu haqlı sayan daxilimizdəki bəzi insanlar, bəzi beynəlxalq qurumlar indi nədən Azərbaycanın işğal altında olan Xankəndinə gedən yolda nəzarət mexanizmlərini qurmaq üçün atdığı addımlardan narahat olub?! Nədən bunu, az qala, humanitar faciə kimi təqdim etməyə çalışırlar?! Axı Azərbyacan yolu partlatmayıb, dağıtmayıb, əksinə, Xankəndinə daha müasir və təhlükəsiz yol çəkib, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) humanitar problemlərini belə, həll etmək üçün söz verir, addımlar atır.
Amma bəzi beynəlxalq qurumlar, ölkələr Ukraynanın daha kəskin, daha aqressiv, amma hüquqi olaraq haqlı addımlarını alqışlayır, bizim vətəndaşlarınsa dinc aksiyasından narahat olublar. Xub, bəzi qurum və ölkələri başa düşdük, bəs yaxşı, Ukraynanın körpünü partladılıb 3 mln. insanın təminatına problem yaradılmasını alqışlayan bizim bəzi ictimai adamlar indi nədən Xankəndi yolunda dinc, aqressiv olmayan aksiyanı qınamağa cəhd edirlər, bunu humanitar problemın yaradılması kimi qələmə verməyə, bəzi beynəlxalq qurumlara “donos” yazmağa çalışırlar?! Axı Laçın yolu ilə Xankəndinə silah-sursat daşınması faktdır, bunun qarşısını almaq üçün addımlar atılmalıdır.
Dinc yolla addımlar atılırsa, lap yaxşı, elə deyil?! Həm də o yolu Rusiya bağlayıb, bizim vətəndaşlarımizin, o cümlədən erməni əsilli azərbaycanlıların öz ərazimizdə hərəkət etməsinə məhz Rusiya mane olur!
Eyni yanaşmanı bu il sentyabr hadisələrində də gördük – Ukrayna beynəlxalq hüquqla tanınan Rusiya ərazilərinə haqlı, özünümüdafiə məqsədi ilə zərbələr endirib hərbi infrastrukturu, təminat yollarını zədələyəndə hamımız bu addımı haqlı saydıq, amma Ermənistanın sentyabrda aqressiv təxribatlarına cavab olaraq Azərbaycan ordusu preventiv addımlar atanda bunu, az qala, təcavüz kimi qələmə verməyə çalışanlar oldu. Yaxşı, bunun adı nədir?!
Əgər kimsə əqidəsinə, prinsiplərinə, ideologiyasına görə müharibəyə, yolların bağlanmasına qarşıdırsa, etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq humanit məsələlərə eyni reaksiya verirlərsə, eyvallah, ideoloji insanlara hörmətim var, amma eyni vəziyyətə müxtəlif cür baxanlar, münasibət göstərənlər görəndə bunu anlamıram, deməli ya düşüncəsiz qərəz var, ya da maddi maraq – vəssalam...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı)
Mənbə: “Facebook”