Ermənilərə “rus tövsiyəsi”: “SEPAH-dan yardım alın, “Vaqner”i çağırın”
Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir
Laçın yolunda aksiyanın başlanmasından sonra Bakını bombalamaq çağırışı edən rus ekspertləri “Vaqner”in Qarabağa göndərilməsi təkliflərini də gündəmə gətirirlər. Milli təhlükəsizliyin ictimai tətbiqi problemlərinin tətqiqi mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilin Qarabağdakı separatçı-terrorçulara başçılıq etmək istəyən Ruben Vardanyana, eləcə də erməni diasporuna iki tövsiyə verib:
Birincisi, SEPAH-dan dəstək almaq: “Vardanyanın timsalında “Artsax” rəhbərliyi Tehrandan hərbi kontingentin gəlməsini istəyə, SEPAH-ın real hərbi dəstəyini əldə edə bilər”;
İkincisi, “Vaqner”in Qarabağa gətirilməsi: “Zəngin erməni diasporu bir neçə özəl hərbi şirkətə müraciət edə, Artsax ordusuna dəstəyi təmin edə bilər, bunun “Vaqner” olması da mümkündür”.
İstisna deyil ki, ehtiyatda olan polkovnik bununla Rusiya özəl hərbi şirkətlərinin ictimai lobbiçiliyini də aparır və zəngin ermənilər özəl şirkətləri separatçıların “müdafiəsi”nə cəlb etmək təklifini dəyərləndirə, Xankəndidəki mitinqdə Bakıya “müharibə elan” edən milyarder Vardanyanın özü də bu işə pul xərcləyə bilər.
Bu baxımdan, “Vaqner” tipli özəl hərbi şirkətlərin bölgəyə “sülhməramlı” formasında, yaxud “mülki geyim”də hərbçilər göndərə biləcəyi ehtimalı da nəzərə alınmalı, Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”