İstanbul terroru: niyə indi və hədəf nədir?
Hadisənin Türkiyənin daxili siyasətinə yönəldiyi ehtimalı ön plandadır
İstanbuldakı partlayışın terror aktı olması ehtimalı üzərində dayanılır, rəsmi açıqlamalar da bu yöndədir. Yekun nəticə hələ açıqlanmır, lakin partlayışın terror olması fonunda iki məqam diqqət çəkir:
- Niyə indi baş verir və hədəfi nədir?
- Türkiyədə davamlı terror aktlarları nə vaxt səngimişdi?
Sonuncu dəhşətli terror hücumu 2016-cı ilin son günü, 2017-ci ilə keçən gecə baş verən Reina aktı idi. Buna qədər Türkiyədə davamlı şəkildə terror hücumları yaşanırdı. Reina terrorundan sonra hücumlar səngidi, xüsusilə İstanbul kimi böyük şəhərlərdə.
Bu, Türkiyənin təhlükəsizliyi gücləndirməsindən daha çox geosiyasi proseslərdən qaynaqlanırdı. Xüsusilə, Reina terrorunun törədildiyi təqvimin ABŞ-da demokratların hakimiyyəti təhvil verməsi ərəfəsinə təsadüf etməsi diqqət çəkirdi. Respublikaçıların dövründə Türkiyənin terrorla hədəfə alınması prosesi də səngidi.
Və indi şəhərin mərkəzində yenidən partlayış baş verir. Ki, bunun terror aktı olması təsdiq edilərsə, demokratların (buna qlobalçılar da deyə bilərik) dönüşündən sonra olması diqqət çəkir.
Hədəfin indiki məqamda daha çox seçkiyə hazırlaşan Türkiyənin daxili siyasətinə yönəldiyi ehtimalı ön plandadır və (əgər terror hücumudursa) davamlı ola biləcəyi də istisna deyil.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”