Milli Məclisdə həyacan təbili: “Regionu toqquşma meydanına döndərəcəklər”

Milli Məclisdə həyacan təbili: “Regionu toqquşma meydanına döndərəcəklər”

Deputat: “Onların sülhpərvərliyi Rusiya hərbi qüvvələrini Gümrüdən və Xankəndidən çıxarana qədər sürəcək”

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. Gündəliyinə 30 məsələnin daxil edildiyi iclasda əvvəlcə deputatlar cari məsələlər haqqında danışıblar. Toplantıda Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən Fransalı deputatlara müraciət ünvanlanıb. İşçi qrupunun rəhbəri Soltan Məmmədov deyib ki, Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında oktyabrın 6-da Praqada keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru olmaqla bərabər, Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edən məqamlarla yadda qaldı: “Təəssüf ki, bəzi qüvvələr prosesi ləngitməyə, regionda gərginliyi artırmağa xidmət edən təşəbbüslərlə çıxış etməkdədirlər”.

“Fransada bizim regionumuzla bağlı hadisələrə münasibətdə birtərəfli mövqe tutan hökumət və parlament üzvləri var”

Deputat bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyanın ermənipərəst üzvünün Azərbaycana qarşı əsassız ittihamlarla dolu sualını cavablandırarkən söylədiyi fikirlər də bu qəbildəndir: “Cavabın ümumi məzmunu tamamilə qərəzli mülahizələrə əsaslanır. Bu, xüsusilə Fransanın bölgədə sülhün təmin olunması prosesində fəal iştirak etməyə çalışdığı indiki dövrün ruhuna uyğun deyil. Çünki biz son dövrdə Fransa Prezidentinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək təşəbbüslərinin şahidiyik. Təəssüf ki, Fransada bizim regionumuzla bağlı hadisələrə münasibətdə birtərəfli mövqe tutan hökumət və parlament üzvləri var. Bu il sentyabrın 13-14-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatın birtərəfli şəkildə təqdim edilməsi də onların şəxsi mülahizələrini parlamentə və dövlətlərarası münasibətlərə daşımaq cəhdlərinin göstəricisidir. Halbuki, Azərbaycan sadəcə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edib”.

“Biz regionun tarixində yeni bir səhifə açmışıq”

“Fransa indiyə qədər Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb. Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı mövqe bildirməyib. Əlbəttə ki, Fransada Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini düzgün qiymətləndirən, regionda baş verən proseslər haqqında obyektiv təsəvvürü olan, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edən siyasətçilər də var. Onlar yaxşı bilirlər ki, bölgəmizdə əməkdaşlıq, sabitlik və rifah dövrünün başlanması üçün unikal fürsət yaranıb. Biz regionun tarixində yeni bir səhifə açmışıq. Ona görə də Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu adından fransalı parlamentariləri, siyasətçilərinə müraciət edərək, belə bir tarixi mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməyə çağırırıq”, - deyə millət vəkili əlavə edib.

Deputat: “Daha nə etməlidirlər ki, Avropa onları terrorçu dövlət kimi tanısın?”

Deputat Musa Quliyev çıxışında deyib ki, Azərbaycan terroru, xüsusilə də erməni terrorunu qətiyyətlə pisləyir: “Dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir. Cinayətkarların tezliklə tutulmasını və beynəlxalq aləmdə məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik. Avropa siyasətbazları bu günü gözləyir və bu da çox yaxındadır. Avropadakı bəzi nümayəndələr ermənipərəst mövqe tutub öz arzularını Azərbaycana şər atmaqla bildirirlər”.

“Xocalı, Edilli faciəsi, eləcə də iki il bundan əvvəl Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil, nədir? Ermənilər daha nə etməlidir ki, Avropada terror dövləti kimi tanınsın?!”, - deyə millət vəkili söyləyib.

Millət vəkili: “Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ad altında sərhədə can atırlar”

Deputat Zahid Oruc vurğulayıb ki, Fransa dövləti bir ildən çoxdur ki, Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir: "Son Praqa görüşündə yalnız mülki missiyanın, özü də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı Prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi”.

“Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ad altında sərhədə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhəddin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır. Ona görə də Prezident İlham Əliyev Şarl Mişelin ləyaqətli, əsil Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur. Yaxın günlərdə Fransa və digər dövlətlərin parlementlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi ölkəmizin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır", - deyə Z.Oruc bildirib.

“Zəngilana, Qubadlıya “gözübağlı” gələnlər indi torpaqlarımıza binoklla baxan hərbi generallarını gətirib Göyçə dağlarına düzmək istəyirlər”

Millət vəkili qeyd edib ki, hələ bir ay əvvəl ölkəmizi hərbi təcavüzdə günahlandıran Fransa müdafiə naziri sərhəddə gələn heyətin məhz ordu qüvvələri olacağını açıq deyir: "Yəni neytral qüvvələrin deyil, siyahısı Ağ Ev və Yeliseydən verilən hərbçilər gəlib iki xalqın sərhəddini cızacaqlar. Delimitasiya və demarkasiya komissiyasını Rusiya ilə yaradan Ermənistana haqlı olaraq, Kolllektiv Təhlükəsizlik Təşkilatı da etiraz edib. Çünki formal da olsa bu hərbi blokun üzvü olan dövlət Fransa və Amerika hərbi kontingentini gətirib sərhəddini qoruyan rus ordusu ilə bir bayraq altına necə yığacaq? Şübhə yoxdur ki, indi regiona sülh gətirmək istəyənlər 2005 və 2011-ci ildə Bakının tələbi ilə işğal olunmuş ərazilərə gedən ATƏT-in Faktaraşdırıcı Missiyasının balalarıdır. O vaxt 7 rayonun yer üzündən silindiyini görməyən, Zəngilana, Qubadlıya “gözü bağlı” gələnlər indi torpaqlarımıza binoklla baxan hərbi generallarını gətirib Göyçə dağlarına düzmək istəyirlər”.

“NATO qoşunları Ermənistan sərhədlərinə gələcək. Sonra Qarabağa yol tapmağa çalışacaqlar”

“Biz Yunanıstan cəbhəsində Türkiyə əleyhinə "F-16" təyyarələri və müasir raketlərini düzənlərin Qafqazlarda neytral və ədalətli müşahidəçi olacağına inanmırıq. İstənilən sərhəd təxribatında dövlətimizi suçlayıb regionu – Cənubi Qafqazı beynəlmiləl toqquşma meydanına döndərəcəklər. Onların sülhpərvərliyi Rusiya hərbi qüvvələrini Gümrüdən və Xankəndidən çıxarana qədər sürəcək. Sonra Əfqanıstana daxil olduqları sürətlə İran və Rusiyanın arasında mövqe tutacaqlar. Ardınca NATO qoşunları Ermənistan sərhədlərinə gələcək. Sonra Qarabağa yol tapmağa çalışacaqlar. Plan budur. Sabah ordumuzu İrəvana hücumda günahlandırıb, ardınca BMT-də əleyhimizə qərar verərək erməni hərbi səngərində özlərinə yer tutacaqlar. Halbuki Ermənistan Qarabağı Azərbaycanın tərkibində tanımağa hazırdır, lakin deyir ki, bizi Qərb qoşunları qorusun. Çünki rus əsgəri daha ermənilər üçün ölmək istəmir”, - deyə deputat həyacan təbili çalıb.

Millət vəkili: “Təzə kadrlar özünü doğrultmur”

“Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin çıxarılmasından sonra rayonlarda su çatışmazlığı yaranıb”, - deyən deputat Aqil Abbas bildirib ki, Ağcabədidə 115 artezian sıradan çıxıb və onların heç biri işləmir: “Şəmkirdə də su qıtlığı var. Rayonlardakı problemə görə insanlar təsərrüfatla məşğul ola bilmir və Bakıya axın etməli olur. İçməli suya "Azərsu" baxır, vəziyyət bərbaddır. Camaatın suyu olarsa, kənddən köçməz. Təzə kadrlar özünü doğrultmur”.

Bundan sonra deputatlar gündəlikdə olan layihələrin müzakirəsinə keçiblər.

(AYNA)