“Azərbaycanda dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır”
Komitə rəsmisi: “Ölkəmizə qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil”
“Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq”.
“Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov deyib.
“Belə hallar əvvəllər də olub. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək”, - deyə o bildirib.
Komitə sədrinin müavininin sözlərinə görə, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil: “Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.