İranda saxlanılan etirazçılar yoxa çıxır – Qaranlıq dünyanın gerçəkləri
“Artıq qanunun aliliyi qaydalarının heç bir əhəmiyyəti yoxdur”
İranda kütləvi etirazlar səngimir. Hakimiyyət küçə etirazlarını sərt şəkildə yatırır. Hüquq müdafiəçiləri nümayişçilərin saxlanılması və oğurlanması, habelə onların yaxınlarına təzyiqlər barədə məlumat verirlər.
Sentyabrın 16-dan İranda kürd qızı Məhsa Əmininin hicabını düzgün geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılması və yaxınlarının dediyinə görə, polis tərəfindən döyüldüyü üçün az sonra vəfat etməsi ilə bağlı etirazlar səngimir.
İran hakimiyyəti kütləvi küçə aksiyalarını yatırmağa çox çalışır - nümayişçilər saxlanılır, onları ölüm cəzası ilə hədələyirlər. Etirazlar zamanı saxlanılan bir çox iranlının yaxınları xarici media ilə əlaqə saxlamaq istəmir, sorğulara cavab vermir və ya xarici jurnalistlərə məlumat ötürdükləri üçün yerli kəşfiyyat orqanlarının casusluq ittihamlarından qorxduqlarını açıq şəkildə bildirirlər.
Məhbusların yaxınları təzyiq altındadır
DW-yə müsahibəsində jurnalist Məsud Kazemi deyir: "Qohumlar böyük psixoloji təzyiq altındadırlar. Bir tərəfdən sevdiklərinin həyatı üçün qorxurlar, digər tərəfdən isə özlərini qorxudurlar. Bir çox ailələr bunu etmirlər. Saxlanılan övladlarını harda axtaracaqlarını bilmirlər. Həbsxanaların qarşısında hər gün uzun növbələr yaranır və insanlar çarəsizdirlər”.
Məsud Kazemi İranın “Seda ye Parsi” siyasi jurnalının keçmiş baş redaktorudur. Bir ildən çoxdur ki, Türkiyədə yaşayır. İranda onun jurnalist işləməsi qadağandır. 2019-cu ildə Kazemi İran Daxili İşlər Nazirliyində korrupsiya ilə bağlı məqalə yazdıqdan sonra həbs edilib. Benzinin bahalaşması İranda kütləvi etirazlara səbəb olduğu anda jurnalist həbsdə idi.
“Mən məhbuslarla necə pis rəftar edildiyini öz təcrübəmdən keçirdim – saxlanılanların çoxu gənclərdir. Onların bir çoxunu mülki geyimli təhlükəsizlik əməkdaşları oğurlayaraq naməlum istiqamətə aparıblar, döyüblər, dindiriblər ki, dediklərindən onlara qarşı istifadə olunsun”, – deyə Məsud Kazemi bildirir.
Məhbusların məhkəməsi
Həbs edilən nümayişçilər mühakimə olunmalıdırlar. Təkcə Tehranda 1000-ə yaxın insan ittiham olunub. Hökumətyönlü “Tasnim” xəbər agentliyi Tehran Əyalətinin Ali Məhkəməsinə istinadən onların təxribatda iştirak etdiyini iddia edir. İddialara görə, müttəhimlər xüsusi xidmət orqanlarının əməkdaşlarına hücum edərək qətllər törədiblər, həmçinin ictimai binaları yandırıblar.
Ötən həftələrdə neçə nəfərin həbs edildiyi və harada saxlanıldığı məlum deyil. Sosial şəbəkələrdə siz gündəlik yenilənən müxtəlif siyahıları tapa bilərsiniz. Bu siyahıların birində noyabrın 2-də 25 yeni tələbə adı var, onların bir çoxunun harada olduğu məlum deyil.
İran həbsxanaları hazırda həddən artıq doludur və hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbs olunanların çoxu müvəqqəti olaraq Dövlət Təhlükəsizlik Nazirliyinin düşərgələrinə göndərilir. Onlar 10 min nəfər həbs edilmiş nümayişçidən danışırlar. Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar başlayandan bəri ən azı 270 nəfər həlak olub.
Nümayişçilərə qarşı zorakılıq
"Polis məntəqələrində nümayişçilərə qarşı zorakılıq tətbiq olunur", - deyə BMT-nin İnsan Hüquqları Bürosu məlumat yayıb.
Oktyabrın sonunda Cenevrədə çıxış edən qurumun sözçüsü Ravina Şamdasani deyib ki, yaralı nümayişçilərin xəstəxanalardan həbs yerlərinə köçürülməsi ilə bağlı xəbərləri eşitmək xüsusilə narahatedicidir. Saxlanılanlardan bəzilərinə tibbi yardım göstərilmir. Şamdasani müxtəlif mənbələrə istinadən bildirib ki, öldürülən nümayişçilərin yaxınlarına cəsədləri verilməyib.
İranlı insan haqları üzrə vəkil Sayed Deqnan deyib: "Nümayişçiləri qəsdən naməlum istiqamətə aparırlar ki, cəmiyyətdə qorxu və çaxnaşma yaransın".
Deqnan artıq bir neçə aydır ki, Kanadada yaşayır. Vəkil itkin düşmüş qohumlarını axtaran ailələrlə daim əlaqə saxlayır. İranda həbs olunmaqdan və siyasi təqiblərə məruz qalmaqdan qorxmadan müvəkkillərinin müdafiəsinə qalxa bilən müstəqil hüquqşünaslar demək olar ki, qalmayıb.
"Artıq qanunun aliliyi qaydalarının heç bir əhəmiyyəti yoxdur. Cinayət Məcəlləsinə görə, hakimiyyət orqanları 24 saat ərzində saxlanılan şəxslərin harada və niyə saxlandıqları barədə yaxınlarına məlumat verməlidir. Amma dövlət özü müəyyən etdiyi qanunlara əməl etmir", - deyə o vurğulayıb.
Məhbusun azadlığa buraxılması üçün qohumlar girov ödəməlidirlər ki, bu da çox vaxt bir neçə min avroya bərabərdir. Deqnan deyir ki, çoxları bu pulu toplamaq üçün dostlarına və ailəsinə müraciət etmək məcburiyyətindədir. Beləliklə, dövlət etirazçıların mühitinə çox böyük təzyiq göstərir. Onlar azadlığa çıxdıqdan sonra nəinki qorxu yaşayır və tənqidi fikir söyləyə bilmir, etiraz aksiyalarında iştirak edə bilmir, həm də sosial əhatəsinin nəzarəti altında olurlar.
(DW)