Azərbaycan əsilli teleaparıcı “qara siyahı”ya düşdü
Kanada hökuməti rus təbliğatçılarına qarşı sanksiya tətbiq edib
Kanada "Rusiya dezinformasiyasının və təbliğatının yayılmasında" iştirak edən 34 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.
Sanksiyalar siyahısına media meneceri Tina Kandelaki, “Moskovski Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, “Birinci Kanal”ın İnformasiya Proqramları Direktorluğunun rəhbəri Kirill Kleimenov, teleaparıcılar Andrey Kondraşov, Nailə Əsgərzadə (Azərbaycan əsilli), Anatoli Kuziçev, Olesya Loseva, Andrey Dobrov, Dmitri Quberniev, jurnalistlər Aleksandr Qamov və Aleksandr Kots da düşüb.
Bundan başqa, cəza tədbirləri aktyorlar Sergey Bezrukov, Vladimir Maşkov, Dmitri Pevtsov, Prezidentin köməkçisi Vladimir Medinski, “Rosneft”in mətbuat katibi Mixail Leontyev, “Yeni Xalq” partiyasının lideri Aleksey Neçayevə də təsir edib. Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Zvezda” telekanalına da sanksiyalar tətbiq edilib.
"Rusiya rejiminin müharibəsi yalan və hiylədən asılıdır. O, həqiqəti deməyə cəsarət edən öz vətəndaşlarını susdurur və həbs edir. Rusiyada insan haqları pozuntuları artmaqda davam etdikcə, Kanada onlara haqq qazandırmağa çalışan təbliğata qarşı tədbirlər görəcək", - deyə Kanadanın xarici işlər naziri Melani Coli bildirib.
Sanksiyalar Rusiyanın Kanadadakı hər hansı aktivlərini dondurur və Kanada maliyyə institutlarının onlara xidmət göstərməsini qadağan edir. Sanksiyaya məruz qalan şəxslərin Kanadaya girişi qadağan edilib.
(DW)