Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu qələbə 30 ildən artıq davam edən münaqişəyə son qoydu

Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin ikinci ildönümü - Zəfər Günü qeyd olunur. Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı.

Hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi.

Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu. İşğalçı qüvvələrə ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etdi. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı.

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi oldu. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtardı və onu qalib xalqa çevirdi. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.