“Azərbaycan səfirliyinə qarşı terror aktına görə Tehran məsuliyyət daşıyır”
Toğrul İsmayıl: “Regionda gərginlik davam edəcək… Azərbaycan İrana qarşı qəti mövqe ortaya qoymalıdır”
Yanvarın 27-si səhər ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumunun həyata keçirilməsi, bu hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun şəhid edilməsi, iki əməkdaşın isə yaralanması Azərbaycanda kəskin etirazla qarşılanıb. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırılıb. Rəsmi Tehran hadisənin məşiət zəminində baş verdiyini iddia etsə də, Azərbaycan tərəfi terror hücumu ilə bağlı təcili araşdırmalara başlanılmasını tələb edir.
Bu hadisənin ardınca İsfahan şəhərinin mərkəzində İran Müdafiə Nazirliyinə (MN) aid hərbi obyektə dron hücumu olub. “Yanvarın 28-i axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə dronlardan istifadə etməklə uğursuz hücum həyata keçirilib. Bir dron hava hücumundan müdafiə vasitələri ilə vurulub, digər ikisi isə müdafiə sistemləri vasitəsilə partladılıb. Xoşbəxtlikdən, bu uğursuz hücum heç bir insan itkisinə səbəb olmayıb və emalatxananın damına cüzi ziyan vurub”, - deyə İran MN bəyanat yayıb.
Bundan başqa, sosial şəbəkələrdə Təbriz, Rəşt, Həmədan və digər şəhərlərdə hava hücumlarının əks olunduğu videolar paylaşılıb. İddialara görə, partlayış səsləri Tehranda da eşidilib. Yerli sakinlərin sözlərinə görə, hökumət binalarına hücum edilib. Şahidlərin bildirdiyinə görə, İran paytaxtı üzərində təyyarələr havaya qaldırılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur. İranın hərbi obyektlərinə hücum edən dronların hansı ölkəyə məxsus olması barədə məlumat verilmir. Qeyd edək ki, İsfahan şəhəri Tehrandan təxminən 330 kilometr cənubda yerləşir.
Göründüyü kimi, yerləşdiyimiz coğrafi region kifayət qədər həssas mərhələyə qədəm qoyur. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı çoxvektorlu embarqoları fonunda Moskvaya fəal dəstək göstərən və şimal qonşumuzu silahla təmin edən İranda da vəziyyət qarışır.
Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl AYNA-ya müsahibəsində baş verənləri şərh edib.
- Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirildi. Nəticədə səfirliyin bir əməkdaşı şəhid oldu, iki əməkdaşı isə yaralandı. Bu terror hücumunun arxasında hansı səbəblər dayanır?
- İran tərəfi məlum terror hücumu ilə bağlı istintaq apardığını bəyan edib. Azərbaycan və İran prezidentləri arasında telefon danışığı zamanı da bu məsələ müzakirə olunub. Prezident İlham Əliyev terror hücumunun araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Bunu iranlı həmkarı ilə telefon danışığı zamanı da onun diqqətinə çatdırıb. Bu baxımdan terror hücumunun hansı qüvvələr tərəfindən təşkil edildiyinə dair birmənalı fikir yürütmək doğru olmazdı. Amma bütün hallarda baş verənlərə görə İran tərəfi məsuliyyət daşıyır. Onun ərazisində qonşu dövlətin səfirliyinə qarşı hücum həyata keçirilib. İranın borcudur ki, bu terror hücumunu araşdırıb, nəticələri ortaya qoysun.
O ki qaldı bunun hansı səbəbdən törədilməsinə, burada müxtəlif mülahizələr irəli sürmək mümkündür. Azərbaycan əhalisi arasında təşviş yaratmaq, güneydəki soydaşlarımızın gözünü qorxutmaq, eləcə də cəzalandırmaq, gözdağı vermək və s. qeyd oluna bilər. Bu terrorun arxasında hansı qüvvənin dayanması bir o qədər də zəruri əhəmiyyət kəsb etmir. O səbəbdən ki, bu hücum terrordur və məsuliyyət tamamilə İran dövlətinin üzərindədir. İran ölkəsində fəaliyyət göstərən diplomatik missiyaların təhlükəsizliyini təmin edə bilmirsə, ya elan etməlidir ki, bunu bacarmır, ya da özü bunda maraqlıdır. Onsuz da bu terrorun əsl mahiyyəti üzə çıxacaq. İran dövləti nə qədər çalışsa da, bunun qarşısını ala, real həqiqətləri gizlətməyə nail ola bilməyəcək.
- İran rejimi hadisənin məişət zəminində baş verdiyini iddia edir. Azərbaycan isə birmənalı şəkildə bunun terror hücumu olduğu bəyan edir. Rəsmi Tehran niyə terror hücumu ilə bağlı gizlinlərin ortaya çıxmasında maraqlı deyil?
- Görünən odur ki, İran dövləti bu terror hücumunu fərqli istiqamətlərə yönəltmək niyyətindədir. Bəyan edirlər ki, terror hücumu məişət səviyyəsində baş verib. Hətta qanlı terrorçuya İran kütləvi informasiya vasitəslərində, ələxsus da “Səhər” televiziyasında özünü təmizə çıxarmaq imkanı tanınır. Burada ortaya haqlı suallar çıxır: İran niyə terrorçunu təbliğ edir? Terror hücumunu hansı səbəbdən fərqli istiqamətlərə yönəldir?
İranın “təbliğat maşını” ciddi şəkildə baş verən terror hücumunu ört-basdır edir. Burada iki səbəb ola bilər: Birinci səbəb odur ki, İran öz ərazisində diplomatik missiyaların təhlükəsizliyinə təminat verə bilməməsi faktını gizlətməyə çalışır. Digər səbəb isə özünün burada iştirakı və ya maraqlı olması ilə bağlıdır. Azərbaycan tamamilə haqlı mövqe ortaya qoyur. Açıq şəkildə bəyan edir ki, səfirliyə hücum terror hadisəsidir və bu cinayətə hüquqi qiymət verilməlidir. Prezident İlham Əliyevin bununla bağlı barışmaz, prinsipial mövqeyi, bu terrorda iştirakı olanların cəzalandırılması tələbi xüsusi qeyd olunmalıdır.
Hesab edirəm ki, Azərbaycan İrana qarşı qəti mövqe ortaya qoymalıdır. Bu, ölkəmizdə fəaliyyət göstərən İran təsisatlarının fəaliyyəti ilə bağlı qərarların verilməsi, onların əhatə dairəsinin müəyyənləşməsi və s. istiqamətlərdə ola bilər. Biz bu faktı unutdurmağa imkan verməməli, İran tərəfindən bu terror hücumuna hüquqi qiymət verilməsini sona qədər tələb etməliyik.
- İranın hərbi obyektinə dron hücumu olub. Bununla bağlı müxtəlif mülahizələr irəli sürülür. Sizcə, bu hücumlar hansı qüvvələr tərəfindən təşkil edilib – İsrail, yoxsa elə İranın özü tərəfindən?
- Baxmayaraq ki, dron hücumunun İranın özü tərəfindən həyata keçirildiyinə dair iddialar mövcuddur, mən bunu real saymıram. Çünki vurulan obyektlər ciddi obyektlərdir və İran dövləti üçün strateji əhəmiyyət kəsb edir. Digər yandan, bu kimi hücumlar peşəkar səviyyədə keçirilir. Arxasında çox ciddi hazırlıq və kəşfiyyat məlumatları dayanır. Bunu hər dövlət həyata keçirə bilməz. Bu, hər ölkənin gücündə deyil ki, belə hücumlar təşkil etsin.
ABŞ tərəfinin bununla bağlı dolayı açıqlamaları və digər xüsuslar belə deməyə əsas verir ki, bu hücum İsrail tərəfindən planlaşdırılıb. Düzdür, bunlar ehtimaldır. Regionda Türkiyənin də belə bir gücü var. Təbii ki, Türkiyə tərəfindən bu addımın atılması real deyil. Türkiyə ilə İran arasında münasibətlər o qədər də kəskin deyil. İsraillə İranın münasibətləri isə hər kəsə məlumdur. İranın dəstəklədiyi qruplar tərəfindən sinaqoqlara hücum olunması, yeddi nəfərin qətlə yetirilməsi, onlarla insanın yaralanması bu ehtimalı daha da artırır. Çünki İsrail ona qarşı hücum edənləri cavabsız qoymur. Bu, Təl-Əviv ənənəvi siyasətidir.
- Regionda gərginlik artır. Hadisələrin gələcək inkişafı ilə bağlı proqnozlarınız nədən ibarətdir? Azərbaycan belə bir həssas məqamda hansı addımları atmalıdır?
- Regionda gərginlik davam edəcək. Çünki bu gərginliyi doğuran səbəblər aradan qalxmayıb. Əslində, bu gərginlik uzun müddətdir davam edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, bu qələbənin regionda yaratdığı reallıqlar, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin yüksək səviyyəyə çatması ölkəmizin dünya miqyasındakı rolunu artırır. Yaxınlaşan İran-Ermənistan əlaqələri, habelə İranın nüvə istehsalını davam etdirməsi, terrorçu qruplaşmalara dəstək verməsi, Rusiya-Ukrayna müharibəsi və digər məqamlar isə regiona təhdid yaradır.
Təbii ki, Azərbaycan dövləti belə bir həssas məqamda ehtiyatı əldən verməməlidir. Qonşularla münasibətlərə xüsusi önəm verilməlidir. Dövlət təhlükəsizliyinin təmin olunması baxımından bu, olduqca mühümdür. Heab edirəm ki, Türkiyə ilə mütəfiqlik münasibətləri daha da artırılmalı, Azərbaycan Ordusu gücləndirilməli və ənənəvi xarici siyasət davam etdirilməlidir. Etiraf etmək lazımdır ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən xarici siyasət ölkəmizin daxili sabitliyinin təminatçısı rolunda çıxış edir. Regional gərginliklər fonunda Azərbaycan dövlətinin apardığı siyasət mövcud situasiyaya adekvat olmaqla yanaşı, milli maraqlarımızın qorunmasına cavab verir.