İrəvanda aksiya: “Övladlarımızın cəsədləri haradadır?” – VİDEO
“Cəsədlər hansı vəziyyətdə valideynlərinə təhvil veriləcək - bunu təsəvvür etmək belə çətindir”
Sentyabrın 13-də Azərbaycanın Ermənistanın təxribatına qarşı verdiyi tutarlı cavab zamanı itkin düşən hərbçilərin valideynləri sentyabrın 26-sı səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin binası önünə toplaşıblar. Onlardan biri - il yarım əvvəl orduya çağırılan əsgər Sereja Qazaryanın atası Serjik Qazaryan Baş nazir Nikol Paşinyana müraciət edərək, xalqın artıq ümidsizliyə düçar olduğunu deyb. O, hökumət başçısını itkin düşən əsgərlərin valideynlərinin tələblərini dinləməyə və yaranmış vəziyyətə reaksiya verməyə çağırıb.
Qazaryan müdafiə naziri Suren Papikyana da müraciət edib: “13 gündür ki, valideynlərin oğulları haqqında heç bir məlumatı yoxdur”.
Serjik Qazaryan bir suala cavab verməyi tələb edib: “Nazirlik itkin düşənlərin tapılması üçün konkret hansı tədbirlər görür?”
“13 gün ərzində Verin Şorca rayonundakı dərələrdən birində - bu ərazi azərbaycanlıların nəzarətinə keçib - yaralananların, ölənlərin, əsgərlərin cəsədləri də var və bu cəsədləri canavarlar tərəfindən parçalamaq üçün atıblar. Nə Müdafiə Nazirliyi, nə də digər məsul strukturlar bu cəsədləri çıxarmaq üçün bir iş görür. Cəsədlər hansı vəziyyətdə valideynlərinə təhvil veriləcək - bunu təsəvvür etmək belə çətindir”, - deyə valideyn vurğulayıb.
Serjik oğlu ilə sonuncu əlaqənin sentyabrın 13-ü səhər tezdən olduğunu söyləyərək, ərazinin Azərbaycanın nəzarətinə keçdiyini qeyd edib. O, müdafiə nazirinə niyə bu ərazinin geri alınmasına və erməni hərbçilərinin geri çəkilməsinə imkan yaradılmasına cəhd edilmədiyi sualı ilə üz tutub.
Qazaryan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladığını, lakin onların da itkin düşmüş şəxslərlə bağlı dəqiq məlumatlara malik olmadıqlarını deyib.
İtkin düşən əsgərlərin valideynləri Müdafiə Nazirliyinə buraxılıb və onlara axtarış tədbirlərinin nəticəsini gözləməli olduqları bildirilib. Valideynlərin övladlarının axtarışında iştirak etmək istəyi ərazi ilə tanış olmadıqları bildirilərək rədd edilib. Bu barədə jurnalistlərə iki ay əvvəl Qafandan hərbi xidmətə çağırılmış, döyüşdə itkin düşmüş əsgər Samvel Antanyanın qohumu Hayk Antanyan məlumat verib.
“Axtarış işlərinə yalnız meşəbəyilər cəlb olunub. Sentyabrın 12-nə keçən gecə əsgərlər mühəndis işləri üçün Nerkin Xanda rayonuna aparılıb. Ertəsi gün Azərbaycan hücuma keçdi və o vaxtdan onlardan heç bir məlumat yoxdur. Hələ də bu bölmənin komandirini tapa bilməmişik: hərbi hissədə bizə dedilər ki, döyüş postundadır, orada dedilər ki, bölməyə qayıdıb, bölmədə dedilər ki, görüşə getdi, nəticədə bir dənə də məsul sima yoxdur ki, bizim suallarımızı cavablandıra”, - deyə Antanyan vurğulayıb.
(Armenia Today)