Qarabağda ölən ermənilərin cəsədləri Hollandiyaya göndərilib

Qarabağda ölən ermənilərin cəsədləri Hollandiyaya göndərilib

Avanesyan: “Tanınması çətin olan qalıqlar xaricə ekspertizaya göndərilib”

Son bir ay ərzində Ermənistanda koronavirusa (COVID-19) yoluxma hallarında artım müşahidə olunub. Bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan hökumətin iclasında deyib.

“Bu, Avropa ölkələrində artan səyahət və virus dalğası ilə bağlıdır. Biz bunu proqnozlaşdırmışdıq. Biz vəziyyəti izləyirik. Səhiyyə sistemi istənilən inkişafa və dalğalara hazırdır”, - deyə o bildirib.

Avanesyan əmin edib ki, qarşıdakı həftələr virus dalğasının artacağını, yoxsa vəziyyətin sabitləşməyə doğru gedəcəyini göstərəcək: “Məhdudiyyətlərin tətbiqinin mümkünlüyünə gəlincə, bu, vəziyyətdən asılıdır, hazırda ehtiyac yoxdur”.

Nazir əlavə edib ki, Qarabağda 44 günlük müharibədə həlak olan daha 50 əsgərin qalıqları ciddi zədələndiyi üçün, əlavə genetik müayinə məqsədilə Hollandiyaya göndərilib: “Tanınması çətin olan qalıqlar xaricə ekspertizaya göndərilib. Nəticələr olan kimi nazirlik müvafiq izahat verəcək”.

(panorama.am)