İlham Əliyev: “İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla...”
“Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək insafsızlıqdır” - Prezident
“Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir”. “Avronews” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
“Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”, - deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, orada blokadadan söhbət gedə bilməz: “Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”.
“Azərbaycanın məqsədi blokada deyil, bizim tələblərimiz tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”, - deyə Əliyev qeyd edib.