Rus qadınların kütləvi “hücumu” hiddət doğurub: "Gəlirlər, doğurlar və..."
"Onların əksriyyəti hamiləliyin 33-cü, hətta 34-cü həftəsindədir, bizə də həyasızcasına deyirlər ki..."
Argentina məhkəməsi əvvəllər Buenos-Ayres hava limanında saxlanılan 6 Rusiya vətəndaşının hamısına ölkəyə daxil olmağa icazə verib. Buna baxmayaraq, bu Cənubi Amerika ölkəsinin hakimiyyət orqanları son bir il ərzində əhəmiyyətli dərəcədə artan rus qadınlarının hamiləliyin sonlarında bu ölkəyə axınından narazıdır və onların gəlişlərinin yeganə məqsədinin "rahat" Argentina pasportu əldə etmək olduğundan şübhələnirlər.
Daha əvvəl Buenos-Ayres hava limanında saxlanılan bütün Rusiya vətəndaşlarının azadlığa buraxılması faktını onların vəkili Kristian Rubilar bildirib.
Hamilə rus qadınlar Argentinanın paytaxtı Buenos-Ayresə uçsalar da, əvvəlcə onlara giriş qadağan edilib. Üstəlik, Rusiyanın Argentinadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Georgi Polinin sözlərinə görə, qadınlardan biri fevralın 7-dən getmə zonasında qalıb.
“Onlar həbsdə deyillər”, - deyən immiqrasiya rəsmisi qadınların geri göndərilməsi üçün danışıqların aparıldığını bildirib.
“Bununla belə, bu asan deyil: qadınlar müşayiətsiz, az pulla, geri dönüş bileti olmadan və 30 həftədən çox hamiləliklə gəliblər”, - deyə Britaniyanın “Guardian” qəzeti yazır.
Argentinanın miqrasiya xidmətinin rəhbəri Florensiya Karinyano daha əvvəl bildirmişdi ki, rusiyalı qadınların ölkəyə girişinin qadağan edilməsi miqrasiya xidməti əməkdaşlarının səfərin məqsədi ilə bağlı yalan məlumat verilməsinə dair şübhələri ilə əlaqəlidir. Onun sözlərinə görə, rusiyalı qadınlar, hamısı hamiləliyin son mərhələsində olmalarına baxmayaraq, ölkəyə turist kimi daxil olublar.
Karinyano 33 hamilə Rusiya vətəndaşının cümə axşamı Argentinaya bir reyslə gəlməsindən sonra miqrasiya rəsmilərini xəbərdar edən bir bəyanat verib.
Argentina ölkədə doğulan uşaqlara vətəndaşlıq verir və onların valideynləri bu əsasda daimi yaşayış icazəsi, bundan sonra isə Argentina pasportu ala bilərlər. Bu, digər şeylərlə yanaşı, Avropa İttifaqı ölkələrinə vizasız giriş hüququ verir.
“Bizə həyasızcasına yalan danışmalarına icazə verə bilmərik”
Buna görə hamilə qadınlar Argentinaya əvvəllər də doğuş üçün gəlirdilər, lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra ölkəyə hamilə rus qadınlarının axını müşahidə olunur.
Karinyanoya görə, 2022-ci ilin avqust ayından etibarən Rusiya vətəndaşlarının Argentinaya axını nəzərəçarpacaq dərəcədə artıb. Təkcə keçən il Rusiya Federasiyasından təxminən 10,5 min hamilə qadın ölkəyə daxil olub.
O, hamilə rus qadınlarının ölkəyə təyyarələrlə gəlmələrindən hiddətlənib: "Onların təxminən yarısı son trimestrdə idi, bir çoxları hamiləliyin 33-cü və ya 34-cü həftəsində olduqlarını bildirdilər".
Hava limanında saxlanılan rus qadınların vəkili Kristian Rubilar yerli mediaya bildirib ki, onun müştəriləri müharibə və repressiyadan qaçmağa çalışırlar: “Çünki Rusiya siyasəti ilə razılaşmadığını ifadə etmək həbs təhlükəsi ilə doludur. Putin rejimində müharibə ilə bir fikir ayrılığı insanın həbsə getməsi və ya ailə üzvlərinin cəbhə xəttinə göndərilməsi üçün kifayətdir”.
Lakin miqrasiya xidmətinin rəhbəri bunun belə olmadığına əmindir. Bu qadınların təxminən 7,000-i doğuşdan dərhal sonra evə qayıdıb və Argentina hüquqşünaslarına körpələr və daha sonra valideynlər üçün vətəndaşlıq sənədlərini tamamlamağı tapşırıb.
"Problem ondadır ki, onlar gəlirlər, uşaqları olur və sonra bir daha geri dönməmək üçün Argentinanı tərk edirlər. Biz onların turist olduqlarını iddia edərək, bizə həyasızcasına yalan danışmalarına icazə verə bilmərik, əslində isə turist deyillər", - Florensiya Karinyano deyib.
Onun sözlərinə görə, bütün bunlar Argentina hakimiyyətini narahat edir və hazırda bu “turizm” növü ilə bağlı araşdırmalara başlanılıb.
(BBC)