Ruslara satılan ukraynalı deputat və sevgilisi öldürüldü

Ruslara satılan ukraynalı deputat və sevgilisi öldürüldü

Kovalyov başından güllə yarası alıb, sevgilisi isə boyun nahiyəsindən bıçaqlanıb

Xerson vilayətində Rusiyanın tərəfinə keçən Ukrayna Ali Radasının deputatı Aleksey Kovalyov öldürülüb. O, Xerson vilayətinin işğal administrasiyasında yeganə ukraynalı məmur idi və mətbuatın yazdığına görə, o, bölgədən məhsul ixracına nəzarət edə bilərdi.

Kovalyovun öldürülməsi ilə bağlı ilk xəbərlər həftəsonu ortaya çıxıb. Sonradan məlumatı Rusiya İstintaq Komitəsi təsdiqləyib.

“İlkin məlumatlara görə, Xerson vilayətinin hərbi-mülki administrasiyası sədrinin kənd təsərrüfatı üzrə müavini Aleksey Kovalyov güllə yarası nəticəsində dünyasını dəyişib. Hücum 2022-ci il avqustun 28-də, onun yaşadığı yerdə həyata keçirilib. Hücum edənlər mərhumla birlikdə yaşayan qızı da qətlə yetiriblər”, - deyə Komitəsən bildirilib.

Ukraynanın Xerson administrasiyası rəhbərinin müşaviri Sergey Xlan “Facebook”da Kovalyovun meyitinin yanında onun adına qeydiyyatda olan silahın tapıldığını yazıb. “Astra” (Telegram) kanalı bildirir ki, bu, “Mossberg” pompalı ov tüfəngidir.

“Baza” (Telegram” kanalının məlumatına görə, hücum bazar günü, yerli vaxtla saat 15 radələrində baş verib. Kovalyov başından güllə yarası alıb, sevgilisi isə boyun nahiyəsindən bıçaqlanıb.

Xerson vilayətində mütəmadi olaraq işğalçı hakimiyyətlə əməkdaşlıq edən məmurların öldürülməsi ilə bağlı cəhdlər edilir. Ukraynada bu, partizanların fəaliyyəti ilə bağlıdır.

Aleksey Kovalyovun 33 yaşı var idi, 1989-cu ildə Xerson vilayətinin Holaya Pristan şəhərində anadan olub, Odessa Hüquq Akademiyasını bitirib, telekanal sahibi olub, kənd təsərrüfatı biznesi ilə məşğul olub.

2019-cu ildə Kovalyov Ali Radaya seçilib və Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasının fraksiyasının üzvü olub.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, o, bunu biznesin ehtiyacları və seçiciləri qarşısında öhdəlikləri ilə izah edərək, Xersona qayıtmaq qərarına gəlib. Aprelin 28-də “Xalqın qulluqçusu” fraksiyası Kovalyovun partiya üzvlüyünü, onların sözlərinə görə, Xerson vilayətində rus hərbçiləri ilə əlaqə saxladığına görə dayandırıb. Mayın 3-də Kovalyov fraksiyadan xaric edilib.

Kovalyov, həqiqətən də, Rusiyanın tərəfinə keçib və işğalçı rus administrasiyasında "Xerson vilayətinin hərbi-mülki administrasiyası sədrinin kənd təsərrüfatı üzrə müavini" vəzifəsini alıb.

"Agentstvo" nəşrinin yerli jurnalistlərə istinadən verdiyi məlumata görə, Kovalyov Xerson bölgəsində ən çox "çörək" - məhsul ixracına nəzarət etmək üçün lazım idi, çünki o, yerli konteksti yaxşı bilirdi, fermerlərlə tanış idi və işi həll edə bilirdi. Rusiyanın gömrüyü, onun formal statusu malların Krım ərazisinə sürətlə daşınmasına imkan verirdi.

İyun ayında Ukraynanın Dövlət İstintaq Bürosu Kovalyovu dövlətə xəyanətdə ittiham edərək, onun barəsində cinayət işi açıb. İyulda o, qiyabi olaraq həbs edilib.

“Deputat Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Federasiyasının işğalçı qüvvələri ilə əməkdaşlıq edir. Onun nəzarətində olan müəssisələr Krım Muxtar Respublikasına, sonradan Rusiyada satışı üçün ərzaq məhsulları tədarük edir, həmçinin Rusiyadan yanacaq və işğal olunmuş Krımdan Xerson bölgəsinə qədər sürtkü materialları idxal edir”, - deyə bəyanatda bildirilir.

(BBC)