Çində COVID üsyanı: əhali küçələrə axışır
Bu nəhəng ölkədə genişmiqyaslı etirazlar olduqca nadir haldır
Anti-COVID tədbirləri ilə ümidsizliyə qapılan Çin xalqı küçələrə axışıb. Şanxayda polis Si Sinpinin istefasını tələb edən və Kommunist Partiyasının hakimiyyətinə qarşı çıxan nümayişi dağıdıb. Lakin bir neçə saatdan sonra insanlar yenidən eyni yerə toplaşıblar.
Müxalifətin ictimai ifadəsinin sıxışdırıldığı Çində genişmiqyaslı etirazlar olduqca nadirdir. Müşahidəçilərin fikrincə, Si Sinpindən belə açıq narazılığın ifadəsi qeyri-adi haldır.
Sosial şəbəkələrdə ölkənin daha 7 şəhərində, o cümlədən Pekində nümayişlər, onlarla universitetdə mitinqlər keçirildiyi barədə məlumatlar yayılıb.
Paytaxtda ölkənin aparıcı Tsinxua Universitetinin tələbələri COVID əleyhinə tədbirlərə etiraz aksiyası keçiriblər. Gənclər Urumçidə çoxmərtəbəli binada onlarla insanın ölümünə səbəb olan yanğınla bağlı da başsağlığı veriblər. Bu binanın sakinləri epidemiya səbəbindən karantinə alınıb.
(Euronews)