Onun yerində bir türk oğlu türk olsa belə...
Xaricdə uğur qazanan heç bir azərbaycanlı sənin deyil
Makronun arvadından sonra "dərin kafalar" İngiltərənin Baş nazirinin hindli olması ilə məşğuldur. Qurban olaram məntiqinizə.
Nəzərinizə çatdırım, baxmayaraq ki, Hindistan ötən əsrin ortalarından İngiltərənin müstəmləkəçiliyindən çıxıb, amma onlar ingilis mədəniyyətinin, təhsilinin təsirindən çıxa bilməyiblər. Əli-ayağı bir az tutan imkanlı və ya bilikli hindli uşaqları İngiltərəyə oxumağa, ya işləməyə üz tuturlar. İngiltərə də onları sevə-sevə qəbul edir. Özünün yemlədiyi, formalaşdırdığı millətdir. Londonun meri də uzun illərdir ki, pakistanlı idi.
Canlarım mənim, amma onların heç birinin boğazına diri ilan salsan, öz vətənlərinin xeyri üçün bir addım atmazlar. Niyə? Çünki artıq onların hər biri anlayır ki, onlar milli kimlik olaraq yox, faktiki vətəndaş olaraq İngiltərənin dəmir qanunlarının funksionallarıdır. Onlar arzu və istəkləri daxilində "çık" belə, edə bilməzlər. Onlar indi ingilisdən yüz qat artıq ingilisdirlər.
Burlaxatuna oğlu necə deyir? Onlar oğlunun qara qovurma ətindən bir yeyəndə, sən iki ye. Qazanın arvadı olduğun bilinməsin.
Xaricdə yüksək posta gətirilən heç bir fərqli milli kimliyi olan şəxsin öz köklərinə qulluq və sadiqliyindən danışmaq mümkün deyil? Niyə?
Çünki onlara yüksək təhsili, səlahiyyətli vəzifələri öz vətəni verməyib. Öz vətəninə heç nəyi ilə borclu deyil. Amma onun bir insan kimi formalaşmasında böyük rol oynayan, rifahını təşkil edən ölkənin vətəndaşıdırsa, ora bir ingilis kimi bağlı olmalıdır. Onun vətəni də, ana dediyiniz də, ata dediyiniz də de-yure mövcud olduğu məkandır.
Bu xam xəyallarla fəxr etməyin başını buraxın, lütfən. Onun yerində türk oğlu türk olsa belə, o adam artıq ingilisdən betər ingilisdir.
Öz vətəndaşınızın təhsilini, dünyagörüşünü, sosial liftini inkişaf etdirməyə çalışın. Burda siz də milli kimliyə baxmayın. Rus, yəhudi, ləzgi, hətta polyak, hindli belə, Azərbaycan vətəndaşıdırsa, o, Baş nazir də olmaq imkanının var olduğunu bilməlidir.
Ölkə belə inkişaf edəcək, belə qalxacaq. Xaricdə uğur qazanan heç bir azərbaycanlı sənin deyil. Bunu gözardı etmək olmaz, onu sən yetişdirmədin ki...
Beyin axınına davam edilsə, artıq bütün millətlər Qərb üçün işləyəcək. Sizi sizdən olan baltadan gözəl nə kəsər?
Müəllif: İradə İsak (jurnalist, teleaparıcı)
Mənbə: “Facebook”