“Taliban” yenidən “buynuzunu” göstərir: ictimai edamlar, sərt qadağalar
Hərəkat rəhbərliyi hakimiyyətə yeni gələn zaman verdiyi vədlərin əksini tətbiq etməyə başlayıb
Əfqanıstanda hakimiyyətə növbəti dəfə yiyələndikdən sonra dünyanı daha liberal olacaqlarına əmin edən “Taliban” rejimi buynuzunu göstərməyə başlayır. Belə ki, “Taliban” lideri Heybətullah Axundzadə əfqan hakimlərinə şəriət qanunlarına uyğun cəzalar təyin etməyi tapşırıb. Soyğunçuluq, adam oğurluğu və fitnə kimi cinayətlərə görə günahkarlar ictimai şəkildə ətrafları kəsilməklə və daşqalaq edilməklə cəzalandırılacaqlar.
“Taliban”ın sözçüsü Zabihullah Mücahid sosial şəbəkə hesabında yazıb ki, “hakimlərə cinayətlərdə müqəddəs İslam qanunlarının pozulması əlamətlərini diqqətlə müəyyən etmək tapşırılıb”. Bu cəzaların xüsusilə oğrular, adam oğurluğu edənlər və üsyançılar üçün veriləcəyi bildirilir.
Əslində, “Taliban” heç bir yenilik etmir - 1996-2001-ci illərdə hakimiyyətə gəldikdən sonra icra etdikləri təcrübəyə qayıdır. O zaman da “talib”lər amansız ictimai edamlar tətbiq edirdilər.
Ümumi götürəndə şəriət qaydalarını dəstəkləyən bir çox əfqanı onlardan uzaqlaşdıran faktor da elə budur. Ümumiyyətlə, Əfqanıstanda 20 il ərzində mövcud olan xarici kontingentin çıxarılmasından sonra ölkədə zorakılığın səviyyəsi azalıb.
Qadınlar tam təcrid olunublar
Ötən ilin avqustunda NATO qüvvələri Əfqanıstandan çıxarıldıqdan və ölkədə hakimiyyətə qayıtdıqdan sonra “Taliban” bu dəfə daha mülayim hökmranlıq edəcəyinə söz versə də, əslində istənilən azadlıqları, xüsusən də qadınların hüquqlarını kəskin boğur.
Keçən həftə onlar qadınların Kabil parklarını ziyarət etmələrinə qadağa qoyub, onları ictimai həyatdan daha da təcrid ediblər.
Həmçinin, ötən həftədən paytaxtın qadın sakinlərinə ictimai hamamlara və idman zallarına giriş qadağan edilib, baxmayaraq ki, bu qurumlara giriş bundan əvvəl cinsi mənsubiyyətə görə bölünmüşdü.
İndi bu yerlər əfqan qadınlar üçün tamamilə əlçatmazdır. “Taliban” tam qadağanı belə yerlərdə qadınların olmasının İslam qanunlarına uyğun gəlməməsi ilə izah edir.
Qadınlara kişi müşayiəti olmadan uzun məsafələrə səyahət etmək qadağandır.
“Taliban” hərəkatının onlara təhsillərini davam etdirməyə icazə verəcəyinə dair vədinə baxmayaraq, yeniyetmə qızlar hələ də ölkənin əksər hissəsində məktəbə qayıtmayıb. Yalnız tək-tük qadın səhiyyə və təhsil kimi sahələrdə işləməyə davam edir, əksəriyyəti “Taliban”ın hakimiyyətə qayıdışından sonra işə getməyi dayandırıb.
Bu ilin may ayında da əfqan qadınlarının küçədə açıq üzlə görünməsini qadağan edən fərman verilib. Kabildə qadınlar öz hüquqlarını müdafiə etmək üçün bir neçə dəfə etiraz aksiyası keçirib, onlardan bəziləri şiddətli şəkildə döyülüb.
Əfqanıstanda müxalifət nümayəndələri, jurnalistlər, Qərb təşkilatlarının keçmiş əməkdaşları və NATO qoşunları ilə əməkdaşlıq etmiş tərcüməçilər də amansız təqiblərə məruz qalırlar.
Əfqanıstanın xaricdəki milyardlarla dollar aktivləri dondurulub. Beynəlxalq ictimaiyyət “Taliban”dan Əfqanıstanda təhlükəsizlik və insan haqları ilə bağlı vədlərinə əməl etməyi tələb edir.
(BBC)