Mühazirə oxuyan cəllada 15 il cəza: gizli həbsxanada xüsusi amansızlıq - FOTOLAR
İnsanlara olmazın işgəncələr verir, bədənlərinə narkotik maddə yeridir və təyyarədən dənizə atırmışlar
Argentina məhkəməsi qırx il əvvəl hərbi diktatura dövründə ölkənin ən məhşur işgəncə mərkəzlərindən birində xidmət etmiş keçmiş polis zabiti Mario Sandovalı 15 il müddətinə həbs cəzasına məhkum edib. 69 yaşlı Sandoval 1976-cı ildə yoxa çıxan və öldüyü güman edilən solçu tələbə Hernan Abriatanı oğurlamaqda və ona işgəncə verməkdə günahkar bilinib.
Xuntanın süqutundan sonra Sandoval ölkədən qaçaraq Fransada məskunlaşdı və burada universitetdə mühazirə oxumağa başladı. Lakin 2019-cu ildə Fransa onu Argentinaya ekstradisiya etdi.
Keçmiş polis məmuru ölkəni hərbçilərin idarə etdiyi 1976-1983-cü illər arasında yüzlərlə solçu fəalın oğurlanmasında və işgəncələrdə əli olmaqda ittiham olunurdu. Ancaq məhkəmədə yalnız bir işə baxıldı - memarlıq institutunun tələbəsi Hernan Abriata 1976-cı ildə polis tərəfindən evindən sürüklənərək Argentinanın ən böyük gizli həbsxanasına (ESMA) atıldı. Onun sonrakı taleyi barədə heç nə məlum deyil. Hernan Abriata Argentinanın gizli həbsxanasının zindanlarında yoxa çıxanda 24 yaşında idi.
Hərbi xuntaya qarşı çıxan 5 mindən çox argentinalının bu həbsxanadan keçdiyi güman edilir. Yalnız yüzə yaxını sağ qaldı.
Məhkumlar dindirilib və işgəncələrə məruz qalıb. Onların bir çoxuna sonda güclü narkotik maddələr vuraraq, təyyarələrdən okeana atırdılar.
ESMA həbsxanasından sağ çıxanların dediklərinə görə, Mario Sandoval ən qəddar cəlladlardan biri olub. Deyirlər ki, o, məhbusları metal çarpayıların çərçivələrinə bağlayıb, heyvanlar üçün nəzərdə tutulan şokerlərlə onlara işgəncə verməkdən həzz alırmış.
Argentinada hərbçilər hakimiyyətdən uzaqlaşdırıldıqdan iki il sonra Sandoval Fransaya köçdü. Fransa vətəndaşlığını aldı və hətta altı il Sorbonnadakı Latın Amerikası İnstitutunda qonaq mühazirəçi kimi dərs dedi.
2008-ci ildə mühazirəçi Sandovalın yüzlərlə argentinalı fəalı oğurlamaqda və onlara işgəncə verməkdə şübhəli bilinən keçmiş polis məmuru olduğu müəyyən edildi. Uzun sürən məhkəmə araşdırmalarından sonra Fransanın Ali İnzibati Məhkəməsi onun vətəninə ekstradisiya oluna biləcəyinə qərar verib, çünki ittiham olunduğu cinayətlər Fransa vətəndaşlığını almazdan əvvəl törədilib.
Bu ilin sentyabrında Buenos-Ayresdə mühazirəçi-cəlladın məhkəməsi başlayıb. Sandoval Hernan Abriatanın oğurlanması və yoxa çıxmasında iştirakını sona qədər inkar edib və hökmü daş üzlə qarşılayıb.
İtkin düşən tələbəyə gəlincə, məhkəmə onun taleyi ilə bağlı heç bir yeni təfərrüat aşkar etməyib. Abriata xunta dövründə izsiz yoxa çıxan təxminən 30 min argentinalıdan biri idi.
Ancaq altı il əvvəl bir faciəli və təsiredici detal üzə çıxdı: indi muzeyə çevrilən keçmiş həbsxananın kameralarından birinin divarında "Monica te amo" (Monica, mən səni sevirəm) yazısı tapıldı. Bu mesajın altında Hernanın həyat yoldaşı Monika Dittmar və onun özünün adlarının baş hərfləri yazılmışdı.
(BBC)