Müharibə filmlərinin qəhrəmanı: rusiyalı “ölüm taciri”, yaxud “şeytan”
“Mən Rusiya dövlətinin və onun rəhbərlərinin heç bir sirrinə malik deyiləm”
Rusiyalı iş adamı Viktor But ABŞ-da terror təşkilatı kimi tanınan Kolumbiyanın FARK qruplaşmasına külli miqdarda silah satmaq məqsədli sui-qəsd təşkil etdiyi üçün ABŞ-da 25 il həbs cəzası çəkirdi. Vaşinqton onu ən böyük qanunsuz silah alverçilərindən biri hesab edir. But bu ittihamları rədd edib.
But Sovet hərbi nəqliyyat aviasiyasında xidmət etmiş keçmiş hərbçidir. 1991-ci ildə ehtiyata çıxdıqdan sonra bizneslə məşğul oldu - özünün iddia etdiyi kimi, beynəlxalq hava daşımaları sahəsində. Məlumdur ki, Butun dünyanın təhlükəli bölgələrinə malların çatdırılması üzrə geniş biznesi olub.
O, 2008-ci ilin martında ABŞ səlahiyyətliləri tərəfindən verilən order əsasında Banqkokda həbs edilib. Nyu-York Dairə Prokurorluğu tərəfindən "onların ABŞ vətəndaşlarını və rəsmilərini öldürmək üçün istifadə ediləcəyini başa düşərək", Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin üzvlərinə silah tədarükünə dair cinayət sui-qəsdində iştirak etməkdə ittiham edib.
Qərb mediası bildirir ki, Butun özünü FARK yaraqlıları kimi təqdim edən Amerika kəşfiyyat xidmətlərinin agentləri tərəfindən Taylandda aldadıldığı iddia edilir.
Tayland hakimiyyəti 2,5 il sonra, 2010-cu ilin noyabrında rusiyalının ekstradisiyası ilə bağlı ABŞ-ın tələbini təmin etdi. Rusiya Xarici İşlər Nazirliyi Butun ABŞ-a ekstradisiyasına etiraz edib, xarici işlər naziri Sergey Lavrov Tayland hakimiyyətinin addımlarını ABŞ-ın siyasi təzyiqinin nəticəsi və “açıq-aşkar ədalətsizliyin nümunəsi” adlandırıb.
Bəzi ekspertlər 1990-cı illərdə sovet nəqliyyat təyyarələrini Afrikanın bir sıra “qaynar nöqtələrinə” uçurmaqla şöhrət qazanan Butun Rusiya kəşfiyyatı üçün faydalı olduğunu və Moskvanın onun ABŞ-da mühakimə olunmasını çox istəmədiyini irəli sürürdü.
Butun özü bəzi dövlət sirlərinə çıxışı olduğu barədə məlumatları təkzib edib: “Mən Rusiya dövlətinin və onun rəhbərlərinin heç bir sirrinə malik deyiləm... Mən ümumiyyətlə, Rusiya şirkətləri və ya dövlət qurumları ilə işləməmişəm”.
Onun sözlərinə görə, 1993-2001-ci illərdə beynəlxalq hava daşımaları sahəsində qanuni biznesə sahib olub və Rusiya hakimiyyət orqanları ilə heç bir əlaqəsi olmayıb.
Minimum cəza verildi
FARK yaraqlılarını silahla təmin etməklə yanaşı, But ABŞ, Belçika və bir sıra digər Qərb ölkələrində Sierra Leone, Anqola, Ruanda və Sudan kimi ölkələrdə qanlı münaqişələri qızışdırmaqda şübhəli bilinirdi.
O, Nikolas Keycin canlandırdığı Hollivudun "Müharibə lordu" filminin baş qəhrəmanının prototipi hesab olunur. Qərb mətbuatı Butu “ölüm taciri” adlandırırdı.
“Bu film və mətbuatda dərc olunan nəşrlər Butu Amerika ictimai rəyində "şeytanlaşdırdı" və bu, ABŞ-da ədalətli mühakimə ehtimalını istisna edir”, - deyə onun həyat yoldaşı Alla But BBC-yə müsahibəsində bildirib.
2010-cu ildə Tayland hakimiyyəti Rusiya Xarici İşlər Nazirliyinin etirazlarına baxmayaraq, Butun ABŞ-a ekstradisiyasına razılıq verib. 2012-ci ildə o, Nyu-Yorkda federal məhkəmə qarşısında çıxış edib. Məhkəmədə rusiyalı özünü təqsirli bilməyib, lakin məhkəmə heyəti onu eyni vaxtda bir neçə ittiham üzrə - amerikalıları öldürmək üçün zenit raketləri satmaq, bunun üçün sui-qəsd və terror təşkilatını dəstəkləməkdə təqsirli bilib.
Prokurorlar Butun ömürlük həbs olunmasını tələb ediblər, lakin hakim Şira Şeyndlin 45 yaşlı rusiyalıya ABŞ qanunlarında nəzərdə tutulan minimum cəza - 2030-cu ilin yanvarına qədər şərti azad edilmə hüququ olmadan 25 il həbs cəzası verib.
Bütün bu illər ərzində Rusiya hakimiyyəti Butun azad edilməsinə nail olmağa çalışırdı. Media onun Rusiyada məhkum olunmuş amerikalılardan biri ilə dəyişdirilməsinin mümkün variantları haqqında çox yazırdı, lakin bu xəbərlər təsdiqini tapmırdı.
(BBC)
Və nəhayət: Rusiya və ABŞ hakimiyyətləri arasında əldə olunan anlaşmaya əsasən, qanunsuz silah alverinə cəhddə və terroru dəstəkləməkdə ittiham olunan Viktor But ilə, Rusiyada narkotik qaçaqmalçılığına görə məhkum olunmuş amerikalı basketbolçu Britni Qreyner dəyişdirilib…