İrana Araz üzərində “türk körpüsü” mesajı

İrana Araz üzərində “türk körpüsü” mesajı

“Türk ordusu buradadır, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”

Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə start verib. Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən təlimlərdə iki mühüm detal var:

Birincisi, təlimlərin coğrafiyasıdır: Azərbaycan və Türkiyə ordusu İranla sərhəddə (Astara və Cəbrayıl) döyüş məşqi edir;

İkincisi, təlimin ssenarisidir: iki ölkənin vahid ordusu çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edir.

İki qardaş Araz üzərindən körpü salmaqla Bakını təhdid edən İrana adekvat cavab verdi: mümkün hərbi ssenarilərdə mollaların qarşısına vahid ordu çıxacaq.

Burada Bakının İrana cavab ardıcıllığı da diqqət çəkir:

- Xüsusi Təyinatlı Qüvvələr İranla sərhəddə gecə əməliyyatı keçirdilər;

- Əliyev “türk ordusu buradadır, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” sözləri ilə İran rejiminə “qarşınızda türk birliyi var” mesajını verdi;

- Bakı və Ankara Araz çayı üzərində körpü ssenarisi ilə “o taya keçməyin” çətin olmadığını nümayiş etdirdi.

Bu təlimlər həm də Araz üzərində “türk körpüsü”nün salınması mesajıdır.

Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)

Mənbə: “Facebook”