Rusiyanı silkələyən partlayış: rus şovinistinin qızı həlak oldu

Rusiyanı silkələyən partlayış: rus şovinistinin qızı həlak oldu

Duqinin özü son anda qurtuldu, qızı isə yanaraq həyatını itirdi

Rusiyalı filosof və ictimai xadimi Aleksandr Duqinin qızının idarə etdiyi avtomobil partlayıb, nəticədə 30 yaşlı Daria Duqina hadisə yerində həyatını itirib. “Avronews” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskva vilayətində, Mojayskoye şossesində, Böyük Vyazemi kəndi yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə avtomobil hərəkətdə olarkən baş verib. Duqinanın avtomobili Moskva vaxtı ilə saat 21:35-də partlayıb. Bundan sonra avtomobil yoldan çıxaraq binaya çırpılıb. Maşın dərhal alovlanıb, tamamilə alova bürünüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın sürücü dünyasını dəyişib. Lakin onun meyiti tamamilə yandığından onu yerindəcə tanımaq mümkün olmayıb.

Bildirilir ki, A.Duqin də qızı ilə eyni avtomobildə olmalı imiş. Lakin naməlum səbəbdən o, başqa avtomobilə əyləşib.

Qeyd: Sovet və rus filosofu, politoloq, sosioloq, tərcüməçi və ictimai xadim Aleksandr Duqin 1962-ci ildə anadan olub. Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edir. 2014-cü ildə Amerikanın “Foreign Policy” nəşri Duqini müasir dünyanın ən yaxşı 100 “qlobal mütəfəkkiri” siyahısına daxil edib. O, şovinist millətçi kimi tanınır.

Daria Duqina 1992-ci ildə anadan olub. Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Beynəlxalq Avrasiya Hərəkatının siyasi müşahidəçisi olub. Həmçinin musiqi təhsili alıb.