Rusiya və ABŞ bu ölkə uğrunda mübarizə aparır
Ancaq bu məsələdə Dehli ehtiyatlı davranır, çünki...
Hindistan əhalisi Çin əhalisini üstələyəndən sonra Dehlinin bir başqa hədəfi var: Dehli iqtisadi inkişaf templərinə görə də Pekini qabaqlamağa çalışacaq. Hindistanın yaxın iki ildəki büdcəsi inlflyasiyanın miqyasını azaltmağa hədəflənib.
Buna baxmayaraq, Baş nazir Narendra Modi vergiləri azaltmağı planlaşdırmır. Halbuki, ondan əvvəlki hökumətlər və Baş nazirlər kasıb və orta təbəqənin səslərini qazanmaq üçün vergiləri azaldırdılar. Modi yaxınlaşmaqda olan parlament seçkilərində növbəti qələbəsinə ümid edir. O, Hindistanı dünyanın sürətlə inkişaf edən dövlətlərdən birinə çevrimək istəyir.
Hindistan iqtisadi inkişaf tempinə görə Çini qabaqlaya bilərmi?
İqtisadçı ekspertlər fərqli mülahizələr söyləyirlər. Bəziləri hesab edir ki, Çində mövcud problemlər fonunda böyük şirkətlər Hindistan bazarına üstünlük verə bilər və yatırımlar bu ölkəyə istiqamətlənəcək.
Modi 2014-cü ildən başlayaraq “Hindistan istehsalı” markasını gücləndirməyə başlayıb. O, vaxtilə eyni siyasətə üstünlük verən Çin, Sinqapur və Cənubi Koreyanın örnəyindən istifadə etmək istəyir.
“Bloomberg” agentliyinin məlumatına görə, Hindistan iqtisadiyyatı sürətlə transformasiya olunur. Modi ölkəsinin insan resurslarından müxtəlif istiqamətlərdə istifadə etməyə çalışır. Hindistan ümumdaxili milli məhsulun inkişaf tempinin 6 faizə çatdırılmasını hədəfləyib.
Ancaq bu hədəfə çatmaq üçün Hindistan ciddi problemləri həll etməlidir. Birincisi, Hindistanda bürokratik aparat inkişafa əsas əngəldir. İkincisi, Hindistanda korrupsiya ilə mübarizə aparılmalıdır. Üçüncüsü, Hindistanda sosial bərabərsizlik hökm sürür.
Hindistan informasiya texnologiyaları sahəsində dünyanın aparıcı dövlətləri ilə rəqabət içindədir. Hindistanda texnoloji şirkətlərin sayı getdikcə artır. Hindistan ABŞ-Çin gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Amerikalı biznesmenlər Çindəki yatırımlarını Hindistan və Vyetnama yönəltməyə başlayıblar. Misal üçün, dünyaca məşhur “Apple” şirkəti Hindistanda yeni müəssisə açmağı planlaşdırır.
Buna baxmayaraq, Vaşinqton Hindistanın Rusiya ilə əlaqələrindən narahatdır. Hindistan Ukrayna müharibəsi fonunda Rusiyadan ucuz neft alışının miqyasını 33 dəfə artırıb. Rusiya istehsal etdiyi hərbi texnikasını da Hindistanın almasını istəyir.
Ancaq bu məsələdə Dehli ehtiyatlıdır. Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi hərbi texnika keyfiyyətli deyil. Bunu müşahidə edən Dehlinin Rusiya hərbi texnikasına marağı azalıb.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”