Qədim peşə və paralel həyatlar: “Maryananı asdılar, Nataşanı boğdular, Yuliyanı isə...”
“Stajlı” seks işçiləri yeni “işə” başlayanları gözümçıxdıya salır, polis isə hamısını
Onlar tez-tez polisin zorakılığının və təqibinin qurbanı olurlar, onlara pis baxırlar, elə ona görə də paralel həyat sürməyə məcbur olurlar. DW Avropanın ən kasıb ölkələrindən birində seks sənayesi haqqında material hazırlayıb.
"Zərif geyinmiş müştərinin nəzakət fasadının arxasında canavar gizlənə bilər", - deyir moldovalı fahişə. O, nə danışdığını bilir: onun iş yeri Moldovanın şimalındakı şəhərlərdən birinin küçəsidir. Burada onunla və iki həmkarı ilə görüşdük. Bizə işlərinin nə qədər təhlükəli olduğunu söylədilər.
"Maryananı asdılar, Nataşanı boğdular. Yuliyanın necə öldüyünü xatırlamıram, amma Tanyanın döyülərək öldürüldüyünü, cəsədinin yolun kənarında tapıldığını bilirəm. Başqa bir seks işçisinin meyiti kanala atıldı və yalnız paltarından tanıdıq", - fahişələr xatırlayırlar.
Avropanın ən yoxsul ölkələrindən biri olan, əhalisi üç milyondan az olan Moldova Respublikasında 15800-ə yaxın fahişə var ki, onların demək olar, üçdə biri paytaxt Kişinyovdadır. Kişi seks işçiləri haqqında məlumat yoxdur. Bu yaxınlarda keçirilən sorğu Moldovada seks işçilərinin nə qədər ayrı-seçkiliyə məruz qaldıqlarını göstərir: respondentlərin 88 faizi bədənini satan adamın yanında olmaq belə, istəmədiklərini bildirib.
Moldovada fahişəlik qanunsuzdur, hər şey gizli şəkildə baş verir və belə qadınlar hakimiyyətdən heç bir müdafiəyə ümid edə bilməzlər. Onların nə ilə məşğul olduqları məlum olarsa, onları 88 avrodan 118 avroya qədər cərimə gözləyir.
Söhbətləşdiyimiz seks işçiləri qorxularından danışırlar: gecələr tez-tez polis onları təqib edir və kolluqda gizlənməli olurlar. Onlar müştərilər tərəfindən dəfələrlə alçaldılıb, döyülüb və təhqir olunublar. Bu qadınların əksəriyyəti çarəsizlikdən və yoxsulluqdan ailələrini dolandırmaq və sağ qalmağın yeganə yolu kimi fahişəliyi seçdiklərini deyirlər.
Ukraynalı fahişələr Kişinyovu fəth edirlər
Beş kilometrlik Kalea Basarabiei küçəsi Kişinyovun sənaye zonasından keçir. Yolun hər iki tərəfi potensial müştəriləri gözləyən fahişələrin məkanı kimi tanınır. Müxtəlif qruplar ərazini bölüblər. Təzə başlayanlar təcili ərazidən uzaqlaşdırılır.
20 ildən çoxdur fahişəliklə məşğul olan qadın deyir: “Biz qocalmışıq, artıq 36, bəzilərinin 46 yaşı var, bura seks üçün gələn kişilər isə həmişə gənclərə üstünlük verirlər, ona görə də onları qovuruq”.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri Kişinyovda bədənini satan ukraynalı qadınların bir neçə qrupu peyda olub, lakin onların işini sutenyorlar təşkil edir: “Onlar yalnız gecələr, həmişə daimi bir yerdə işləyirlər”.
Fahişələrin fikrincə, sutenyorlar son vaxtlar Moldovada seks sənayesinə o qədər də təsir etmirlər: qadınlar müstəqil işləyirlər və birbaşa müştəri ilə qiymətləri razılaşdırırlar. Elit eskortlar bir gecəlik bir neçə yüz avro qazandığı halda, küçədə işləyən qadınlar hər müştəridən on avro ilə 25 avro arasında qazanır. Şəhər nə qədər kiçik olsa, qiymətlər də bir o qədər aşağı olur: 30 min nəfərlik kiçik qəsəbədə onlar xidmətlərinə görə təxminən beş avro alırlar.
Paralel həyatlar
Kiçik şəhərlərdə işləmək xüsusilə çətindir - təkcə qiymətlərin çox aşağı olması səbəbindən deyil, 40 yaşlı seks işçisi deyir: "Hamı mənim kimi qadınlara mənfi yanaşır. Məni həbs etdilər, cərimə ödəməli oldum və polis fəaliyyətim haqqında bilir. Xüsusilə uşaqlarım üçün çətindir. Anası fahişə olduğu üçün məktəbdə və ya həyətdə onlara çox sataşırlar”.
O, pul qazanmağın başqa yolu olmadığı üçün bu işi seçdiyini söyləyir: "Bir çox insanlar fahişəliyin pul qazanmağın ən asan yollarından biri olduğunu düşünür. Bunu deyən hər kəs öz bədənini satan qadının fiziki və ruhi tarazlığını bərpa etməsinin nə qədər çətin olduğunu bilmir".
Qadının sözlərinə görə, ona başqa yolla pul qazanmaq şansı lazımdır: "Hamı bizə hörmətsiz yanaşır, bizdə çirkin və iyrənc bir şey görürlər. Elə olur ki, onlar bizimlə başqa insanları öldürən cinayətkarlardan da pis rəftar edirlər".
Küçədə müştəri gözləyən qadınlarla yanaşı, öz mənzilində xidmətlərini təklif edən və ya “evə”, müştərinin mənzilinə gedənlər də var. Çox vaxt bunlar tələbələr və hətta ətrafı nə etdiklərini bilməyən evli qadınlardır.
Bu qrupa işsiz əri və iki kiçik uşağı olan Diana daxildir. Onun rəsmi, daimi işi var, lakin ayda 172 avro ekvivalenti dörd nəfərlik ailə üçün kifayət deyil. Ona görə də fahişəliyə üz tutub.
"Övladlarımın ac qalmaması üçün hər şeyə hazıram. İki paralel həyat sürürəm, ikinci işimdən heç kimin xəbəri yoxdur. Mən hələ də övladlarımın həyatında çox fəalam, yaxşı anayam", - o bildirir.
Olqa 12 yaşında müəlliminin əri tərəfindən zorlanıb
Fahişəliklə məşğul olan, müştəriləri ilə küçədə deyil, evdə görüşən söhbətləşdiyimiz 5 qadının hamısı evlidir və uşaqları var. Onlar ətrafdakıların "paralel həyatları"ndan xəbər tutmasını istəmirlər və bunun baş verə biləcəyi gündən çox qorxurlar. Amma onların heç biri fahişəlikdən əldə etdiyi sabit gəlirdən əl çəkmək istəmir.
“Act for Involvement” qeyri-hökumət təşkilatının araşdırmasına görə, Kişinyovdakı seks işçilərinin təxminən yarısı uşaqlıq və ya erkən yeniyetməlik dövründə baş vermiş cinsi zorakılığın qurbanıdır. 26 ildir fahişəliklə məşğul olan Olqa 12 yaşında müəlliminin əri tərəfindən zorlandığını deyir. Amma o susdu, çünki cinayətkar onu, məsələni açacağı təqdirdə, öldürməklə hədələyib.
"Çox qorxduğum üçün heç nə demədim. Və beləcə pul üçün kişilərlə yatdım", - deyir Olqa.
Xəstələr, kasıblar, çarəsizlər
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2021-ci il İİV/QİÇS üzrə Birgə Proqramının Moldovada verdiyi məlumata görə, ölkədəki qadın seks işçilərinin 2,7 faizi HİV-ə yoluxub. Keçmiş eskort işçisi olan həmsöhbətimiz deyir ki, müştəriləri arasında yüksək vəzifəli məmurlar, uğurlu iş adamları, bələdiyyə sədrləri, siyasətçilər olub.
O, HİV-ə kimdən yoluxduğunu bilmir. Xəstəliyi səbəbindən VIP müştərilərini və yeganə gəlir mənbəyini itirib. Yoxsulluq və çarəsizlikdən bir qarın yemək əvəzinə cinsi münasibətlərə razı olmağa başlayıb. O, alkoqolik oldu və hətta bir dəfə spirtli içkidən koma vəziyyətində xəstəxanaya düşdü. Onun ən böyük peşmanlığı ona seks sənayesində iş təklif edildikdə tibb fakültəsini tərk etməsidir.
Bəzi qadınlar fahişəliyə görə cərimə ödədiklərini, bəziləri isə onlardan yayına bildiyini deyirlər. Məsələn, 26 il fahişəliklə məşğul olan Larisa kimi. O, Dnestryanıdandır. Onun Moldova şəxsiyyət vəsiqəsi olmadığı üçün cərimə ödəmir. Kişinyovda qazandığı pulla Larisa oğluna 17 yaşında mənzil ala bilib və tanınmayan “DMR”-də evini təmir etdirir. Müştərilərlə görüşlər arasında o, yeni istilik sistemi quraşdıran tikinti işçiləri ilə daim telefonla əlaqə saxlayır. Onun 47 yaşı var və üç ildən sonra “təqaüdə çıxmaq” istəyir.
Amma İraida üçün fahişəliyə görə cərimələr problem yaradır: o, artıq 200 dəfədən çox pul ödəməli olub. Bizimlə söhbət edərkən, küçədə müştəri gözləyəndə səkkiz aylıq hamilə idi. Evində onu gözləyən daha iki övladı var, əri isə narkotik alverinə görə həbsdədir: “O, uzun illər dəmir barmaqlıqlar arxasında qalacaq, ona görə də uşaqlara təkbaşına baxmalı olacağam”.
Moldovanın müxtəlif şəhərlərindən bizimlə söhbət edən bir çox seks işçiləri küçə fahişəliyində azyaşlıların daha çox olmasından şoka düşüblər. Bu, ölkədə yetkinlik yaşına çatmayanlarla cinsi əlaqənin həbslə cəzalandırılmasına baxmayaraq.
“Ən kiçik qızların cəmi on iki yaşı var. Bundan polisin xəbəri var, yəqin sosial işçilər də bilir, amma onları xilas etmək üçün heç kim heç nə etmir", - deyə ölkənin mərkəzindəki kiçik bir şəhərdən olan fahişə danışır.
Və sonra fikirləşərək əlavə edir: “Mən öz-özümə düşünürəm ki, fahişə yanına gələn kişilərin də bəzi əsas əxlaqi prinsipləri olmalıdır axı...”.
(DW)