İran bu gün: həbs, edam və inqilabın ayaq səsləri

İran bu gün: həbs, edam və inqilabın ayaq səsləri

Məşhurlar həbs, sıravilər edam edilir – rejim sonunu yaxınlaşdırır

İran hakimiyyəti ölkənin ən məşhur aktrisalarından birini, etirazçılara dəstək verdiyini bildirdikdən sonra, həbs edib. O, ölkəni bürümüş etirazlarla bağlı “yalan yaymaqda” ittiham olunub.

Aktrisa Təraneh Əlidosti İran hökumətinin iğtişaşları yatırtmaq səylərini açıq şəkildə tənqid edib və noyabrda etirazçılarla həmrəy olaraq “Instagram”da hicabsız fotosunu yerləşdirib. O, keçən həftə “Instagram”da hökumət əleyhinə çıxış edən nümayişçinin edamını pisləyən post yazıb.

38 yaşlı qadın öz paylaşımında beynəlxalq təşkilatları Möhsün Şəkərinin edamına mane olmadığına görə tənqid edib. Dekabrın 8-də Şəkəri hökumətyönlü yarımhərbi “Bəsic” qruplaşmasının üzvünə hücum etməkdə, habelə Tehran küçələrindən birində nəqliyyatın hərəkətinə mane olmaqda ittiham edilərək edam edilib.

"Onun adı Möhsün Şəkəri idi. Bu qanı izləyən və heç bir tədbir görməyən hər bir beynəlxalq təşkilat insanlığa rüsvayçılıqdır", - deyə Əlidosti yazıb.

Dövlət xəbər agentliyi olan İRNA-nın məlumatına görə, aktrisa “iddialarını əsaslandıracaq heç bir sənəd” təqdim edə bilmədiyi üçün polis tərəfindən həbs edilib. 8 milyondan çox izləyicisi olan aktrisanın hesabı bir müddət əvvəl silinib.

38 yaşlı Əlidosti İranın ən uğurlu aktrisalarından biridir. O, 2016-cı ildə Xarici Dildə Ən Yaxşı Film üzrə “Oskar” Akademiya Mükafatını qazanan "Kommivoyajer" filmində baş rollardan birini oynayıb.

Etirazlar davam edir

Bu il başlayan etirazlar 1979-cu il inqilabından sonra İran rejiminin üzləşdiyi ən böyük problemlərdən biridir. İranda etiraz dalğası kürd əsilli iranlı, 22 yaşlı Məhsa Əmininin islami geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra, sentyabrın 16-da polis bölməsində dünyasını dəyişməsindən sonra başlayıb.

Bundan sonra qadınlar, universitet tələbələri, hətta məktəbli qızlar küçələrə çıxaraq hakimiyyətin özbaşınalığına etiraz ediblər. Nümayişlər ümumən dinc şəraitdə keçirilir, qadınlar və qızlar hicablarını çıxararaq küçələrdə yandırır, hökumət əleyhinə şüarlar səsləndirir və hüquq-mühafizə qüvvələri ilə qarşıdurma keçirirlər.

Bu dalğanın qarşısını ala bilməyən İran hakimiyyəti etirazları iğtişaş adlandırır və hər şeyi əsas rəqibinin - ABŞ-ın, eləcə də onların müttəfiqləri, ilk növbədə İsrail və Böyük Britaniyanın üzərinə yıxır. Eyni zamanda, İran hakimiyyəti alimlər, jurnalistlər və hüquqşünaslar da daxil olmaqla minlərlə etirazçını artıq həbs edib və nümayişçiləri dağıtmaq üçün güc tətbiq edir.

Hüquq müdafiəçilərinin məlumatına görə, indiyədək təhlükəsizlik qüvvələri azı 488 nümayişçini öldürüb və daha 18259 nəfəri həbs edib. Həmçinin təhlükəsizlik qüvvələrinin 62 əməkdaşının öldüyü də bildirilir.

Hakimiyyət orqanları “Allaha düşmənçilik”də təqsirli bilinən iki nəfəri artıq edam edib. İran qanunları bu cinayəti silahla həyat və ya əmlakı təhdid etməklə ictimai təhlükəsizliyin pozulması kimi təsvir edir.

İnsan haqları qrupları etirazçılar üçün ölüm hökmü ilə nəticələnən məhkəmələrin lazımi proses olmadan keçirildiyini iddia edirlər.

Dekabrın əvvəlində “Amnesty İnternational” daha 18 etirazçının ölüm cəzası ilə hədələndiyinə inandığını bildirib. Onlardan 12-si artıq təqsirli bilinərək edam cəzasına məhkum edilib, qalanları isə mühakimə olunur və ağır cinayətlərdə ittiham olunurlar.

İran hər il icra edilən ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yerdədir və 2017-ci ildən bəri ilk dəfə bu il 400-ü ötdüyü bildirilir.

(BBC)