Çin və COVID: yanlış siyasətin fəlakətli nəticəsi

Çin və COVID: yanlış siyasətin fəlakətli nəticəsi

Yaxın zamanda koronovirus öz rekordunu yeniləyəcək

Etirazlar zamanı “sıfır COVID” siyasətindən imtina etməyə məcbur olan Çin hökuməti görünməmiş sayda yeni koronavirus hadisəsi ilə üzləşir. Rəsmi məlumatlara görə, Çində üçüncü ən böyük Henan əyalətində əhalinin demək olar ki, 90%-i yoluxub.

Yerli rəsmilərin mətbuat konfransında jurnalistlərə verdikləri məlumata görə, Henanda yoluxma hallarının sayı təxminən 88,5 milyon nəfərdir, onların böyük əksəriyyəti son həftələrdə yoluxub. Düzdür, dekabrın 19-da baş verən pik insident, görünür, aradan qaldırılıb və əyalətin klinikalarına xəstələr axını getdikcə səngiməkdədir.

Yerli məmurların verdikləri rəqəmlər mərkəzi orqanların açıqladığı statistikadan kəskin şəkildə fərqlənir. Belə ki, mərkəzin rəsmi məlumatına görə, 1,4 milyarda yaxın əhalisi olan ölkədə “sıfır COVID” siyasəti ləğv edildikdən sonra cəmi 120 min nəfər koronavirusa yoluxub, cəmi 30 nəfər isə koronavirusdan dünyasını dəyişib.

Bununla belə, Çin səlahiyyətliləri “COVID-dən ölüm” anlayışını kifayət qədər dar mənada şərh etməyə başladılar, buna görə də koronavirus səbəbiylə ölən bir çox xəstə indi rəsmi statistikaya daxil edilməyə bilər. Bundan əlavə, COVID üçün məcburi kütləvi test dayandırıldı və hökumət məlumatları artıq yeni epidemioloji mənzərəni və yeni epidemiyanın miqyasını əks etdirmir.

Mərkəzin rəsmi statistikasına açıq şəkildə zidd olan yerli və əyalət orqanlarının hesabatları da situasiyaya tam aydınlıq gətirmir. Məsələn, Çinin ən böyük liman şəhərlərindən biri olan Qingdao rəhbərliyi Milad bayramı ərəfəsində virusa yoluxanların sayının gündə yarım milyon artdığını bildirsə də, bu rəqəmlər çox tez silinib.

Paxlovidə tələbat

Bununla birlikdə, Çin səhiyyə rəsmiləri “Pfizer”in anti-COVID dərmanı “Paxlovid”i yüksək qiymətə görə əsas tibbi sığortaya daxil etməyəcəklərini söylədilər. Martın 31-dək hələ də tibbi sığorta ilə əhatə olunacaq dərmana tələbat dekabr ayında ölkədə yeni koronavirus infeksiyalarının sayının artmasından sonra artıb. “Pfizer” özü açıqlamasında bildirib ki, dərmanın Çinə "adekvat tədarükünü" təmin etmək üçün Çin səlahiyyətliləri və müvafiq səhmdarlarla işləməyə davam edəcək.

Bazar günü Çin hakimiyyəti xaricdən ölkəyə daxil olanların hamısı üçün məcburi karantini ləğv etdi və Honq Konqla sərhədi açdı. Rəsmi məlumata görə, şənbə günü məhdudiyyətlərin götürülməsi ərəfəsində ölkədaxili daşımaların miqyası 34,7 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üçdə bir qədər çoxdur.

Çində koronavirusun yayılması ilə bağlı vəziyyətin ayın sonunda, bütün ölkənin Ay Yeni ilini qeyd edəcəyi və şəhərlərdən milyonlarla insanın kəndlərdəki yaşlı qohumlarını ziyarət etməyə gedəcəyi zaman kəskin şəkildə pisləşəcəyi gözlənilir. Bu müddət ərzində iki milyarddan çox fərdi səfərin ediləcəyi təxmin edilir.

(BBC)