“Dəmir şərtlər” altında: etiraz etmək qadağandır - ÖZ BƏDƏNİNDƏ BELƏ! (FOTOLAR)
“Tövbə videosu”: “Bədənimdə etiraz və ekstremist xarakterli döymələr var, mən onları yaxın vaxtlarda lazerlə silməyi öhdəmə götürürəm”
Belarusda etiraz simvollarını əks etdirən döymələrə görə insanları milisə çağırır, inzibati və hətta cinayət işlərinə başlayırlar. DW bir neçə belə hekayəni toplayıb.
Nəşrin həmsöhbəti Yevgeniya qoluna qan izini bildirən qırmızı zolaqla kəsilmiş Belarusun konturunu əks etdirən döymə etdirdikdən sonra "dindirilmə" üçün polis bölməsinə aparılıb: "2020-ci ilin sonu idi. Tatu etdirdim və sözün əsl mənasında, bir neçə gündən sonra məni apardılar, heç əlim hələ tam sağalmamışdı, yəqin ki, “Instagram” səhifəmdən izləmişdilər".
"Soruşdular ki, tatuajı niyə çəkmişəm, kim çəkib, bu, nə deməkdir. Dedilər ki, qolundakı “praktiki olaraq svastikadır”. Cavab verdim ki, bu, mənim ölkəmin sərhədləridir, müharibə zamanı iki ulu babam həlak olub, bu döymə Belarusun müstəqilliyi uğrunda həlak olmuş insanların xatirəsinə həsr olunub və bunda faşistliyə aid heç nə yoxdur”, - deyə qız bildirib.
Yevgeniya sərbəst buraxılıb, lakin döyməsinin problem yarada biləcəyi barədə xəbərdarlıq edilib. Ancaq heç də həmişə "etiraz" döymələrinin sahibləri üçün hər şey "profilaktik söhbət"lə məhdudlaşmır.
Tatu sahibinin peşmanlıq videosu
Avqustun əvvəlində hökumətyönlü “Telegram” kanalları “ekstremist” döymələrə görə saxlanılan Minskdən olan təcili yardım sürücüsünün “tövbə etməsini” göstərən videosunu yayımladı. Təhlükəsizlik qüvvələrinin qeyri-qanuni hesab etdiyi döymələr arasında “BT öldürür” (Belarus televiziyası), “Rusiya hərbi gəmisi, cəhənnəmə get..” və s. tipli yazılar vardı.
Həmin şəxsin fotosunu polisə “qayğıkeş vətəndaş”ın göndərdiyi də iddia edilib. "Bədənimdə etiraz və ekstremist xarakterli döymələr var. Mən onları yaxın vaxtlarda lazerlə silməyi öhdəmə götürürəm", - deyə saxlanılan şəxs “tövbə videosu”nda söz verir.
Ağ-qırmızı-ağ bayraq və oğlunun adı olan döymə üçün "15 sutka"
Siyasi məhbus, mədəniyyət meneceri, “Symbal.by” mağazasının təsisçisi Pavel Belous da döyməyə görə mühakimə olunub. Həmin şəxs 2021-ci il noyabrın 15-də saxlanılıb, bir neçə gün sonra ona “icazəsiz piket keçirmə” maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 24.23-cü maddəsinin 1-ci hissəsi) 15 sutka inzibati həbs verilib.
Belousun keçmiş kamera yoldaşının dediyinə görə, “Symbal.by”-nin yaradıcısının biləyində ağ-qırmızı-ağ bayraq və “Miron” yazısı olan kiçik, kibrit qutusu boyda döymə olub. Pavelin iki övladı var, oğlunun adı Mirondur.
Sonra Belous daha iki dəfə həbsxanaya göndərilib, sonra o, ictimai asayişi kobud şəkildə pozan qrup hərəkətlərində iştirak etməkdə (CM-nin 342-ci maddəsi) cinayət işi üzrə ittiham olunub. 2022-ci ilin iyununda o, həmçinin, ekstremist birləşmə yaratmaqda (Cinayət Məcəlləsinin 361-1-ci maddəsi) ittiham olunub. Avqust ayında hökumətyönlü “Telegram” kanallarından biri Belousa qarşı başqa bir ittiham - bu dəfə dövlətə xəyanət olduğunu bildirdi. “Dövlətə xəyanət” maddəsi ilə (Cinayət Məcəlləsinin 356-cı maddəsi) onu 15 ilə qədər həbs gözləyir.
Belarusda döymələrə görə cinayət təqibi halları da məlumdur. Qrodnolu musiqiçi və belarusdilli "Deviation" pank qrupunun gitaraçısı Pavel Belyanov "Prezidenti təhqir etməkdə" (Belarus Respublikası Cinayət Məcəlləsinin 368-ci maddəsi) - ehtimal ki, Aleksandr Lukaşenkonun gözləri olmayan portreti olan döyməyə görə ittiham olunub.
Belyanov 2022-ci il iyunun 2-də saxlanılıb. Musiqiçinin dostunun dediyi kimi, “bir növ qraffiti işi ilə bağlı” onun yanına gəlsələr də, onu evdə tapmayıblar. Ertəsi gün Belyanov dindirilməyə getdi və buraxılmadı - əvvəlcə ona bir sutka verildi, sonra isə cinayət işi açıldı. Avqustun 5-də Pavel cinayətin müddətinin başa çatması ilə əlaqədar istintaq təcridxanasından buraxılıb.
"Hətta öz bədənində belə, hər hansı bir fikrin ifadəsi qadağandır"
"Tatuirovkaya görə həbs çoxdankı təcrübədir, Belarus təhlükəsizlik qüvvələri tərəfindən 2020-ci il hadisələrindən əvvəl, məsələn, anarxistlərə qarşı kifayət qədər geniş şəkildə istifadə edilib", - deyə “Vesna” insan haqları mərkəzinin hüquqşünası şərh edir.
2020-ci ildən sonra "svastika" adlanan simvollara görə insanları saxlamağa başladılar, vəkil deyir: "Həmçinin ağ-qırmızı-ağ şəklində döyməyə görə məsuliyyətə cəlb olunduqları hallar var”.
DW-nin həmsöhbətinin sözlərinə görə, ikinci halda daha çox “icazəsiz piketə” görə mühakimə olunurlar (İnzibati Xətalar Məcəlləsinin 24.23-cü maddəsi).
“Kütləvi tədbirlər haqqında qanunda “piket” anlayışı o qədər genişdir ki, onun altına öz fikrini, istənilən formada ifadəni sığışdırmaq olar. Bunu məhkəmələr, milislər edir. Baxmayaraq ki, təbii ki, kütləvi tədbirlərin pozulması adı altında döyməyə görə mühakimə etmək absurddur”, - deyə hüquq müdafiəçisi vurğulayır.
O, əmindir ki, ümumiyyətlə, “bu, sadəcə olaraq, hər hansı bir fikrin ifadəsini, hətta öz bədəni üzərində də qadağan etmək üsuludur”.
(DW)