Rusiya ordusuna məxsus qərargahda PUA müəmması
Qara Dəniz Donanmasında nə baş verir?
Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Sevastopol şəhərində daha bir insident baş verib. Belə ki, pilotsuz uçuş aparatı (PUA) Rusiya Qara Dəniz Donanmasının qərargahının damına düşüb.
Şəhərin rusiyapərəst hakimiyyət orqanları pilotsuz təyyarənin vurulduğunu iddia edir.
"Heç bir ciddi dağıntı yoxdur, xəsarət alan yoxdur. Hazırda bütün xidmətlər yerindədir, istintaq hərəkətləri davam etdirilir. Xahiş edirəm, sakit olun, şəhərdə hər şey nəzarətdədir, bütün xidmətlərin işi gücləndirilib", - deyə Rusiyanın təyin etdiyi Sevastopol qubernatoru Mixail Razvojayev bildirib.
Maraqlıdır ki, o, daha əvvəl açıqlama vermişdi ki, Rusiya hərbçiləri PUA-nı vura bilməyiblər.
İyulun 31-də Rusiya donanmasının qərargahı artıq pilotsuz təyyarə ilə hücuma məruz qalmış, binanın həyətində partlayış baş vermişdi. Həmin vaxt 6 qurban barədə məlumat verilmiş və şəhərdə Hərbi Dəniz Qüvvələri Günü qeyd etmələri ləğv edilmişdi.
Avqust ayı ərzində yarımadanın müxtəlif yerlərində hərbi obyektlərdə silsilə partlayışlar və yanğınlar baş verib.
(Euronews)