Torpaq böyük faciənin sirlərini açır: gözyaşardıcı mənzərə - FOTO, VİDEO
“Birinci məzarda boynunda kəndir olan bir qadın tapdıq... Ümumiyyətlə, burada dəfn edilənlərin hamısı rus əsgərləri tərəfindən öldürülüb”
Ukraynanın rus işğalından azad edilmiş İzyum şəhərinin kənarındakı şam meşəsində həmin gün havadan ölüm iyi gəlirdi: kütləvi eksqumasiya keçirilirdi.
Topraq öz sirlərini açır. Ukrayna hakimiyyəti burada hərbi cinayətlərin törədildiyinə inanır və onları sənədləşdirməyə qərarlıdır.
Mavi kapron forma geyinmiş yüzə yaxın ukraynalı fövqəladə hallar işçisi tələsik qazılmış qəbirləri açaraq torpağı çıxarırlar. Onlar şəhər kənarındakı bu meşədə basdırılmış yüzlərlə insanın ölüm səbəbini müəyyən etməyə çalışırlar.
İzyum aprelin əvvəlində rus ordusu tərəfindən ələ keçirilib və azad edilənə qədər Donbass cəbhəsindəki qoşunların əsas təchizat bazalarından biri kimi istifadə edilib. Bu yaxınlarda bu şəhər Ukrayna hərbçiləri tərəfindən işğaldan azad edilib.
Eksqumasiya daha çox sükut şəraitində polis və prokurorların iştirakı ilə həyata keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri əlləri ilə üzünü tutub, digəri kənara çəkilib, baxır...
Xarkov vilayətinin prokuroru Aleksandr İlyenkov burada hərbi cinayətlərin törədildiyinə şübhə etmir: “Birinci məzarda boynunda kəndir olan bir qadın tapdıq, ona görə də işgəncə izləri var. Burada dəfn edilənlərin demək olar ki, hamısı rus əsgərlərinin əli ilə öldürülüb. Onların bəziləri öldürüldü, bəziləri işgəncələrə məruz qaldı, bəziləri Rusiyanın hava və artilleriya zərbələrindən öldü”.
Ukrayna bu dəhşətli yeri dünyaya göstərməkdə qərarlıdır. Əsas qəbiristanlığın yanında yerləşən bu dəfn yeri kobud taxta xaçlarla işarələnmiş qəbir cərgələrindən ibarətdir. Qəbirlərin üzərində bəzilərinin adları, bəzilərinin isə yalnız nömrələri var idi. Ruslar əraziyə nəzarət etdikləri zaman belə formada dəfn əmri verilmişdi.
Ukrayna polisi açıqlama verib ki, onlar 445 məzar tapıblar, lakin onların bəzilərində çoxlu cəsədlər var. Bu insanların necə öldüyü hələ də bəlli deyil. Görünən odur ki, qadın və uşaqlar da daxil olmaqla, çoxu mülki şəxslərdir.
Prokurorluq bildirir ki, ölənlərdən bəziləri Rusiya bombardımanının qurbanlarıdır. Digərləri isə Rusiyanın mart ayında 47 nəfərin ölümü ilə nəticələnən yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Rəsmilər məzarların birində 20 Ukrayna əsgərinin cəsədinin tapıldığını, bəzilərinin əlləri arxadan bağlı, birinin isə boynunda ilgək olduğunu qeyd ediblər.
Qəbirlərdən birindən hərbi geyimli şəxsin meyiti çıxarılaraq ağ plastik torbaya yerləşdirilir. Təhlükəsizlik qüvvələri ərazidəki minaları təmizləməyə çalışdıqları üçün qəbirlər qazılarkən uzaqdan partlayış səsləri eşidilir.
72 yaşlı Qriqori bu gün həyat yoldaşı Lyudmilanın məzarını görmək üçün dəfn yerinə gəlib. O deyir ki, Lyudmila martın 7-də İzyumun intensiv atəşə tutulması zamanı həlak olub.
Əvvəlcə onu evin həyətində basdırmalı olsa da, avqustda cəsədi yenidən dəfn etdilər. İndi Lyudmila yenidən dəfn olunacaq.
Yalnız indi, Rusiya hərbçiləri regiondan çıxarıldıqdan sonra Ukrayna hakimiyyəti burada baş verənləri araşdıra və işğal qurbanlarının sayını dəqiq müəyyən edə bilər.
Meşənin yaxınlığında yaşayan bir qadın deyir ki, rus əsgərləri yerli əhalini qəbirlərə yaxın getməyə qoymurdular.
Bu qəbiristanlıqda Maksim adlı bir adam peyda olur və onun işgəncə hekayəsini eşitməyi və yazmağı xahiş edir. Deyir ki, rus hərbçiləri onu sentyabrın əvvəlində saxlayıblar, Ukrayna hərbçiləri isə sentyabrın, 10-da İzyumu ələ keçirəndə azad ediblər. O, bizə biləklərindəki qandal izlərini göstərir və elektrik cərəyanı ilə işgəncələrə məruz qaldığını söyləyir.
Prezident Volodimir Zelenskinin müşavirlərindən biri BBC-yə deyib ki, bu yaxınlarda Rusiyadan geri alınan bir çox ərazilərdə işgəncə sübutları tapılıb.
Mixail Podolyak qeyd edir: "Biz çox insanların işıqsız, yeməksiz, susuz və məhkəmə hüququ olmadan, qorxu altında saxladıqlarını gördük".
Xarkov prokuroru Oleksandr İlyenkov deyir ki, oxşar məzarlıqlar Ukraynanın nəzarətinə qaytarılan digər ərazilərdə də tapılıb.
(BBC)