Rusiya patriarxı ölkəyə gələn miqrantları təhlükə hesab edir
“Digər adət-ənənələrin daşıyıcılarının meydana çıxması xalqımızın həyatını ciddi şəkildə dəyişə bilər”
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Rusiyaya miqrant axınından narahatlığını bildirib və bu vəziyyətin mənəvi ənənələrin qorunmasına təhlükə yarada biləcəyini deyib. Onun bəyanatı Rus Pravoslav Kilsəsinin saytında dərc olunub.
“Əhəmiyyətli sayda digər adət-ənənələrin daşıyıcılarının meydana çıxması xalqımızın həyatını ciddi şəkildə dəyişə bilər, o cümlədən onun mənəvi əsaslarının və ənənələrinin qorunub saxlanmasına təhlükə yarada bilər - məsələn, Kosovoda olduğu kimi”, - deyə patriarx vurğulayıb.
O, miqrantların hansı dəyərləri və həyat tərzini daşıdıqları, Rusiya əhalisi ilə necə davrandıqları və şəxsiyyətin qorunmasına diqqət yetirilməli olub-olmaması barədə suallar verməyə çağırıb.
Rus Pravoslav Kilsəsinin rəhbəri əlavə edib ki, əcnəbi vətəndaşların cəlb edilməsi ölkənin iqtisadi ehtiyacları ilə izah oluna bilər, lakin getdikcə daha çox ruslar iş tapa bilmirlər və yad mədəniyyətə malik insanların axını cinayət və münaqişələrin - o cümlədən etnik və dini zəmində - artmasına səbəb olur.
Patriarx Kirill Rusiyanın kənardan daim təzyiq altında olduğu bir vaxtda bunun ciddi təhlükəyə çevrilə biləcəyinə diqqət çəkib. O, belə nəticəyə gəlib ki, bütün millətlərin nümayəndələri hörmət qarşılığında hörmət göstərsələr, ölkə həmişə onlara açıqdır.
Daha əvvəl Rus Pravoslav Kilsəsinin rəhbəri bildirib ki, Rusiya ölkənin mövcudluğuna meydan oxuyan təhlükələrlə üz-üzədir.
(lenta.ru)