Türk diyarında qanlı toqquşmalar: 18 ölü, minlərlə yaralı var
“Qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb”
Özbəkistanın Qaraqalpaqıstan muxtar bölgəsində baş verən iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. “Avronews” xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun rəsmisi Abror Mamatov açıqlama verib.
“Qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb”, - deyə o bildirib.
Xatırladaq ki, bölgənin muxtariyyət hüququndan məhrum edilməsi ilə bağlı Özbəkistan Konstitusiyasına dəyişiklik təklifindən sonra Qaraqalpaqıstanda etirazlar başlayıb.
Qeyd edək ki, Qaraqalpaq Respublikası 1936-cı ildə Özbəkistan SSRİ-nin tərkibinə daxil olub. SSRİ-nin dağılmasından sonra respublika Özbəkistanın tərkibində qalıb, lakin suverenlik hüququ əldə edə biləcəyi Özbəkistan Konstitusiyasında təsbit edilib.
İyunun 4-də məlum olub ki, Özbəkistan Parlamentinin aşağı palatası ölkə Konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaqıstan Muxtar Respublikasının suverenliyi ilə bağlı Konstitusiyadakı müvafiq maddənin ləğv edilməsini istəyib. Deputatlar bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər.